2 Aprel 2019 23:57
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə səsləndirdiyi “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir” fikri bir daha göstərdi ki, bu gün xalqımız Azərbaycan dövlətinin və ordusunun gücünə, qüdrətinə inamı sarsılmazdır.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Müharibə şəraitində yaşayan ölkəmizin çətin dövründə formalaşan Azərbaycan Silahlı Qüvvələrinin dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində hərbi qüdrətini artırdığını deyən R.Məmmədli bildirib: “Bu gün Azərbaycan Ordusu keçmiş SSRİ respublikaları arasında texniki imkanlarına və döyüş bacarığına görə ilk üç yerdə qərarlaşıb. Bundan başqa, Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü orduları sırasına daxil olub. Bu, beynəlxalq standartlar əsasında verilən qiymətdir. İllər əvvəl xalqımız bu günləri sadəcə arzu edirdi. Lakin indi hərbi qüdrətimizlə fəxr edə bilirik. Silahlı Qüvvələrimizin bu gücü, qüdrəti Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar sayəsində reallaşıb. Məhz bu islahatlar və davamlı qayğı nəticəsində ordumuz bütün qoşun növləri üzrə hərbi qüdrətini artırıb. Bu amillər düşmən üzərində qəti qələbəni daha da yaxınlaşdırır”.

Dövlətimizin başçısının “Aprel döyüşlərinin Azərbaycanın müasir tarixində ən uğurlu hərbi əməliyyatlardan biridir” fikrinin bu şanlı qələbəyə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdıran hərbi-siyasi icmalçı deyib: “Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 23 il ərzində gücləndirdiyi müdafiə xəttini qısa vaxtda yararaq düşmən mövqelərinin dərinliklərinə qədər irəlilədi. Ordumuzun peşəkarlıqla həyata keçirdiyi ildırımsürətli hücum nəticəsində düşmənə sarsıdıcı zərbə vurması Aprel döyüşlərinin sonrakı uğurlarımızın başlanğıcı olacağını demək üçün ciddi əsas verdi. Çünki ordumuz sonrakı hərbi əməliyyatlarda manevr qabiliyyətini daha da genişləndirmək imkanı əldə etdi. Bu əməliyyatlar Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının, müdafiə imkanlarının, operativ reaksiya bacarığının xeyli zəif olduğunu üzə çıxardı. Məlum oldu ki, Ermənistanda 23 il ərzində ordu quruculuğu sahəsində görülən işlərlə bağlı yayılan məlumatlar sadəcə mifdən ibarətdir. Bundan başqa, düşmən qoşunlarının fəaliyyətinin əlaqələndirilməsində də problemlər olduğu üzə çıxdı. Əsas məqamlardan biri də Ermənistan ordusunun əks-hücum imkanlarının və bunu dəstəkləyən texnikanın xeyli zəif olmasıdır. Buna görə də bir neçə saat ərzində Azərbaycan Ordusunun azad etdiyi mövqeləri ermənilər üç gün müddətində dayanmadan əks-hücum həyata keçirsələr də geri qaytara bilmədilər”.

R.Məmmədli deyib ki, Aprel döyüşlərində məğlubiyyət erməni cəmiyyətində ağır böhrana səbəb oldu, Ermənistanda daxili siyasi çəkişmələri daha da alovlandırdı. Bu məğlubiyyətdən sonra qısa müddətdə Ermənistan ordusunun hərbi rəhbərliyi vəzifəsindən azad edildi.

Ekspert xüsusi vurğulayıb ki, Azərbaycan Ordusu hazırda təmas xəttində vəziyyətə tam nəzarət edir. Bu vəziyyət erməniləri daim gərginlikdə saxlayır. Bu, həm də göstərdi ki, erməni cəmiyyəti müharibəyə hazır deyil. Növbəti həmlə Ermənistan ordusunun Qarabağdakı mövqelərinin daha geniş miqyasda itirilməsi ilə nəticələnəcək. Əksinə, Azərbaycanda isə cəmiyyətimizin müharibəyə hazır olduğunu açıq-aydın göstərdi.

“Azərbaycan dövləti hərbi qulluqçuların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işləri görür. Müharibədə vacib amillərdən biri də arxa cəbhədir. Döyüşçü özündən və arxada qoyduğu ailəsindən rahat olmalıdır. Aprel döyüşləri onu göstərdi ki, dövlətimizin başçısı İlham Əliyev hərbçilərlə yanaşı, qazilərin, şəhidlərin və onların ailə üzvlərinin problemlərinə də daim yüksək həssaslıq göstərir, bu məsələyə qayğı ilə yanaşır. İstər Aprel döyüşlərində, istərsə də digər döyüşlərdə yaralanmış hərbçilərimizin müalicəsi və reabilitasiyası üçün lazımi tədbirlər görülür. Bəzi yaralılar təcili olaraq xarici ölkələrdə müalicə kurslarına göndərildilər. Bu proses bu gün davam edir. Prezident, Ali Baş Komandan İlham Əliyev onların mülki həyatda normal yaşamaları üçün bütün lazımi tapşırıqları verir”, - deyə R.Məmmədli vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər