“Şuşanın işğalı ilə bağlı tarixi xronikanı öyrənəndə, faktlara nəzər salanda, müxtəlif mənbələrdən əldə edilən və şahidlərin dediklərini analiz edərkən müxtəlif səbəblər barədə düşünməli olursan. Amma daha çox o zamankı hakimiyyətin, konkret olaraq Mütəllibov komandasının səbatsızlığı, siyasi səriştəsinin, strateji baxışının olmaması nəzərə çarpır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, Ayaz Mütəllibov iqtidarı Mixail Qorbaçovun devrilməsi, QKÇP və Yeltsinin hakimiyyətə yiyələnməsi proseslərində ölkə üçün daha az ziyanla çıxmağa, daxili vəhdəti və həmrəyliyi təmin etməyə müdrikliyi çatmayıb:
“Ermənilərin strategiyası, onların resursları da düzgün qiymətləndirilməyib. Mütəllibov komandası lap əvvəldən səhv edib və daxili siyasi sabitliyi təmin edəcək addımlar atmayıb. Ağ Evdə möhkəmlənmək prioritet olub, nəinki Şuşa və Qarabağda.
Bütün bu proseslərdə keçmiş spiker Yaqub Məmmədov demişkən, “böyük oyunun kiçik peşkaları” rolunda olublar. Azərbaycan ərazilərinin işğal tarixləri, xüsusən Şuşanın işğalı elə bizim parçalanma, didişmə tarixlərimizdir. Buna görə, gərək heç bir halda, şərtdə bütövlüyümüzü, vəhdətimizi pozmayaq”.