BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.
Teleqraf.com xəbər verir ki, sessiyanın gündəliyi qəbul edilib və cədvəli təsdiqlənib.
Daha sonra Dünya İrs Komitəsinin Bəhreyn Krallığının 2018-ci il iyunun 21-28-də Manama şəhərində keçirilən 42-ci sessiyasından sonra görülən işlərə dair yaradılımış İşçi Qrupunun rəhbəri, Azərbaycan nümayəndəsi Baratlı görülən işlərin hesabatını çatdırıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev sözügedən işçi qrupa 33 ölkədən olan nümayəndələrin daxil olduğunu deyib:
“Bu, 33 ölkənin daxil olduğu bir komanda idi. İşçi qrupuna Azərbaycan nümayəndəsi cənab Baratlı rəhbərlik edirdi”.
Nazir işçi qrupuna gördükləri işlərə görə təşəkkür edib.
Bundan sonra UNESKO-nun Dünya İrs Mərkəzinin dövri hesabatı dinlənilib. Hesabatı Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler çatdırıb. Hesabatın təqdimatından əvvəl M.Rossler sessiya çərçivəsində 50 paralel tədbir keçirildiyini bildrib:
“Ötən bir il ərzində Dünya İrs Mərkəzinin və Dünya İrs Komitəsinin fəaliyyət dairəsi genişləndirilib. Bunun nəticəsidir ki, mərkəzdə 28 daimi iş yeri yaradılıb. Bildiyiniz kimi, bizim fəaliyyətimiz dayanıqlı deyil. Biz Almaniya, İspaniya, Qətar, Norveç, Koreye Respublikası və Türkiyəyə işimizə verdikləri dəstəyə görə təşəkkür edirik. Onlar bizim işimizə ciddi yardım ediblər.
Qeyd etməliyəm ki, 2018-2019-cu illərdə fəaliyyətimiz əvvəlki illərdə qəbul edilmiş strategiyaya uyğun olub. Mədəni irsin mühafizə edilməsi üçün 5 prinsip müəyyən edilib. Mərkəzin işi həmin prinsiplərə uyğun qurulub”.
M.Rossler ötən bir il ərzində Dünya İrs Mərkəzinin fəaliyyət mərkəzi və katibliyinin yaradıldığını bildirib:
“Biz həmçinin, Afrika regionunda Afrika Dünyası İrs Fondu ilə birgə seminar keçirmişik. Afrikada mədəni abidələrin konversasiyası vacibdir. Biz həmçinin, Argentinada toplantı keçirmişik”.
M.Rossler Dünya İrs Mərkəzinin ötən bir il ərzində 166 təklifi nəzərdən keçirdiyini vurğulayıb.
Mərkəz direktoru qeyd edib ki, təşkilatın fəaliyyəti zamanı gender bərabərliyinə ciddi riayət edilib:
“Bu müddət ərzində Dünya İrs Komitəsinin biomüxtəlifliklə bağlı 12 əlaqələndirici qurumu yaradılıb. Bundan əlavə mədəni müxtəlifliklə bağlı BMT konvensiyasına dair tədbirlər keçirilib. Biz ötən bir il ərzində biomüxtəliflik və mədəni müxtəlifliklə bağlı konvensiyalar arasında əməkdaşlığı təşviq etmişik”.