18 Sentyabr 2020 22:20
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev feysbuk səhifəsində Milli Musiqi Günü ərəfəsində dahi bəstəkar Üzeyir Hacıbəyovla bağlı olmuş hadisəni paylaşıb. Teleqraf.com com xəbər verir ki, bu əhvalatı tanınmış yazıçı Mirzə İbrahimov qələmə alıb.

Üzeyir Hacıbəyov 1913-cü ildə Peterburqda olduğu illərdə Bakıdan gələn sevimli həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmiryol vağzalına gedir. Şiddətli şaxtalı qış günü idi. Qatar gəlir. Məleykəni qarşılayıb vağzal meydançasına çıxarır. Belə soyuq gündə gənc xanımını piyada və ya konka ilə aparmağı öz mənliyinə sığışdırmır. Faytona oturmağa da pulu yox... Ani fikirdən sonra çıxış yolu tapıb faytonçulardan birinə yaxınlaşır, ünvanını bildirir.

-Neçəyə aparırsan?-deyib soruşur.
faytonçu "filan qədər verərsən" dedikdə, Üzeyir bəy təzəcə geydiyi qaloşları göstərir:
-Xoşuna gəlir?
Faytonçu işıldayan qaloşlara diqqətlə baxıb deyir:
-Gəlin oturun!

Məleykə işin nə yerdə olduğunu başa düşərək etiraz edirsə də, Üzeyir qaloşları faytonçuya verir, Məleykənin qolundan tutaraq faytona əyləşdirir. Bu hadisə o zaman baş vermişdi ki, Üzeyir Hacıbəyovun Bakıdakı "Nicat" adlı Xeyriyyə cəmiyyətindən gözlədiyi qonorar gəlib çıxmamışdı. Maddi çətinliklə qarşılaşmalı olmuşdu.


Müəllif: Teleqraf.com