“Ötən gün Moskvada keçirilən üçtərəfli görüş hamının xeyrinə başa çatdı”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, indi danışıqların növbəti mərhələsi başlayır, bu mərhələdə Dağlıq Qarabağın qalan hissəsi də Azərbaycanın nəzarətinə veriləcək:
“Putin, Əliyev və Paşinyan arasındakı danışıqlar uğurlu alındı. Ən əsası bölgədəki rabitəni bərpa etmək üçün baş nazir müavinlərindən ibarət yüksək səviyyəli İşçi qrupunun yaradılması qəbul edildi.
Bununla ilk növbədə, Ermənistandan Rusiyaya yol çəkiləcək. Bu, Ermənistanın Gürcüstandakı Qərbyönümlü anti-Rusiya rejimindən və İrandan asılılığını azaldacaq. İkinci, Azərbaycandan Naxçıvana və Türkiyəyə yol inşa olunacaq.
Üçüncü, Dağlıq Qarabağın Ermənistan tərəfindən idarə olunan hissəsi ilə Azərbaycanın əsas hissəsi arasında yollar yaradılacaq. Bu, Dağlıq Qarabağın Azərbaycana inteqrasiyasının növbəti, dinc iqtisadi mərhələsinə başlamasına imkan verəcək.
Dördüncü, ermənilərlə azərbaycanlılar arasında barışıq mərhələsi başlayacaq. Putin və Əliyev onsuz da bundan danışır - bu səhifəni bağlamalı və gələcəyimizi düşünməliyik
Beşinci, Paşinyan hərbi əsirlərlə bağlı məsələni həll etməyin mümkün olmadığından şikayətləndi. Yəni, Azərbaycan atəşkəs müqaviləsi imzalandıqdan sonra əsir götürülən 62 erməni əsgərinin Ermənistana verilməsinə razı olmadı. Çünki onlar Azərbaycanın nəzarətində olan ərazilərə hərbi təcavüz etmişdilər.
Altıncı, Paşinyan Dağlıq Qarabağın statusu məsələsinin həll olunmadığından şikayətləndi. Ermənistan bölgənin müstəqil olmasını istəyir. Azərbaycan isə Dağlıq Qarabağa Qaqauziya kimi minimum mədəni muxtariyyət verəcəyini deyir.
Başqa sözlə, danışıqlar hamının xeyrinə başa çatdı”.