31 Mart 2021 14:12
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Xalqımız ermənilər tərəfindən tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirib. 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilmişdi. Bütövlükdə isə 2,5 milyon azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor xatırladıb ki, “Şərq məsələsi” XVIII əsrdən başlayaraq böyük dövlətlərin apardıqları siyasətin əsas istiqamətlərindən biri olub:

“Həmin dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Ermənilər bu havadarlıqdan istifadə edərək bu günədək türk-müsəlman xalqlarına qarşı soyqırımılar törədiblər. 1918-ci il 31 mart - 2 aprel tarixlərində erməni vandalları tərəfindən on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi və dünyaya çatdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müəyyən işlər görülsə də, (Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edilib. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib) mövcud tarixi şəraitə görə baş verənlərə müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb”.

Millət vəkili qeyd edib ki, həmin faciəli hadisədən 80 il sonra - 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev tərəfindən hadisələrə hüquqi-siyasi qiymət verilib:

"31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çox sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb”.

Deputatın fikrincə, bir çox ölkədə xaos, qeyri-sabitlik hökm sürür, silahlı münaqişələr zamanı qadın və uşaqlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olur:

“Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görüb. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar ermənilərin əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Qeydə faktlara əsasən 267 itkin, 98 əsir və girov qadın Ermənistanda və vaxtı ilə Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılıb. II Qarabağ müharibəsindən sonra işğaldan azad olunan torpaqlarımızda kütləvi şəkildə qadın və uşaqların zəncirlə bağlanaraq işgəncə edildiyi və yandırıldığını sübut edən sümük qalıqları tapılıb. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalır. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Azərbaycanın Qarabağ bölgəsi genetik olaraq ən sağlam zonalardan biri hesab olunurdu. Əfsuslar olsun ki, 30 ilə yaxındır ki, bu bölgədə müxtəlif xəstəlik və anomaliya ilə doğulan uşaqların sayı artmaqdadır. Vətən müharibəsi zamanı da Ermənistan mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutub. Nəticədə çox sayda ölən və yaralanan olub. Azərbaycan Ordusu isə hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranıb. Ermənistan isə döyüş meydanından uzaq məsafədə yerləşən şəhər və rayonlara, mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edib. Nəticədə, 12-i azyaşlı və 27-i qadın olmaqla, 93 nəfər qətlə yetirilib. 50-i azyaşlı və 101-i qadın olmaqla, 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın bu cinayətkar hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır. 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiya ciddi şəkildə pozulub. Həmçinin Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini məhv etmək və talamaqla məşğul olub”.

Hicran Hüseynova bildirib ki, qarşıda duran başlıca vəzifənin ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətin soyqırımı kimi beynəlxalq hüquqi qiymət almasına nail olmaqdır:

“Bu baxımdan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Milli Məclisin rəhbərliyinin adından müvafiq beynəlxalq təşkilatlara, eyni zamanda, bütün parlamentlərarası dostluq qruplarına, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət unvanlanıb”.

Millət vəkili əlavə edib ki, ermənilər tərəfindənn azərbaycanlılar qarşı törədilən 31 Mart soyqırımından 103 il ötməsinə baxmayaraq xalqımız bu qanlı faciəni unutmur:

“Erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi bu ağır faciələr xalqımızı daha da mətinləşdirib, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. Bu səfərbərlik, milli birlik, güclü və iradəli Ordu 44 günlük Vətən müharibəsində onlara layiqli cavab verdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər