İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıya səfəri başlayıb.
Teleqraf.com-un Trend-ə istinadən yaydığı məlumata görə, M.Vaezini hava limanında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov qarşılayıblar.
M.Vaezinin Azərbaycana səfərində məqsəd İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri öncəsi iki ölkə arasında imzalanacaq sənəd və protokolların hazırlanması ilə bağlı müzakirələr aparmaqdır.
Səfər zamanı iranlı nazir Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfdən həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşəcək və müzakirələr aparacaq.
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq. İmzalanacaq sənədlər əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, noyabrın 12-dən sonra İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir.