16 Yanvar 2022 09:58
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Euroreporter.co” portalında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun Azərbaycanda “Şuşa İli”nə həsr olunmuş məqaləsi dərc edilib.

Teleqraf.com xəbər verir ki, məqalədə müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini xatırladıb.

Yazıda oxuculara Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Şuşa Azərbaycanın Qarabağ bölgəsində yerləşən, ölkənin tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir. Şəhərin əsası 1752-ci ildə Qarabağın ovaxtkı xanı Pənahəli xanın göstərişi ilə qoyulub. Bu il şəhərin təməlinin qoyulmasının 270 ili tamam olur.

Qeyd edilib ki, yarandığı ilk illərdən 1992-ci ilə qədər Şuşa durmadan çiçəklənib və geniş regionun mədəniyyət paytaxtına çevrilib. “Qafqaz konservatoriyası” adlandırılan şəhər bir çox məşhur incəsənət xadimlərinin - rəssamların, musiqiçilərin və şairlərin vətəni olub. Məsələn, Azərbaycan klassik bəstəkar musiqisinin və opera sənətinin banisi, İslam dünyasında ilk opera bəstəkarı Üzeyir Hacıbəyli Şuşada doğulub boya-başa çatıb.

Şəhər Azərbaycanın məşhur tenoru Bülbülün, XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın doğulduğu yer olub. Azərbaycan poeziyasında realizm cərəyanının əsasını qoymuş Molla Pənah Vaqif Şuşada doğulub və bütün ömrünü orada yaşayıb.

Şuşa Azərbaycanın xalçaçılıq sənətinin mərkəzlərindən biri olub və XIX əsrin ikinci yarısında burada istehsal edilən yerli xalçalar dünya bazarlarına çıxarılıb. 1867-ci ildə Şuşa xalçaçıları Parisdə keçirilən beynəlxalq sərgidə iştirak edərək mükafatlar qazanıblar.

Müəllif daha sonra bu şəhərin qədim tarixi tikililərinə toxunub, onların sayı barədə məlumat verib. Qeyd edilib ki, tarixboyu bu şəhərdə əsasən azərbaycanlılar məskunlaşıblar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı müharibə zamanı şəhər ermənilər tərəfindən işğal olunub. Şuşanın işğalı nəticəsində 480 dinc sakin həlak olub, 600 nəfər yaralanıb, 22 min nəfər məcburi köçkün düşüb. Ermənilər tərəfindən girov götürülən 68 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Həmçinin vurğulanıb ki, işğal dövründə şəhərin 279 dini, tarixi və mədəniyyət abidəsi dağıdılıb.

Xüsusi diqqətə çatdırılıb ki, Ermənistan Şuşanın həmişə erməni mədəniyyətinin və tarixinin bir parçası olduğunu israrla iddia etsə də, şəhərin bərpasına qətiyyən diqqət yetirməyib. Görkəmli britaniyalı ekspert Tomas de Vaal 2000-ci illərin əvvəllərində Şuşaya səfəri zamanı müşahidə etdiyi kimi, ermənilər şəhərə sərmayə qoymaq və yaşamaq üçün deyil, talan, müharibə qəniməti və ya ibadət məkanı kimi yanaşırdılar.

Vurğulanıb ki, Şuşa 28 illik işğaldan sonra 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Bu, şəhərin tarixində yeni səhifə açıb, çünki Azərbaycan işğaldan azad edilmiş bütün digər ərazilərlə yanaşı, Şuşanı da yenidən qurmaq üçün geniş bərpa-quruculuq planının icrasına başlayıb.

2021-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu qərar şəhərin tarixi görkəmini bərpa etmək, ona əvvəlki şöhrətini qaytarmaq və Şuşanı ənənəvi zəngin mədəni həyatına qovuşdurmaq, eləcə də çoxəsrlik zəngin mədəniyyət incisi kimi beynəlxalq aləmdə təbliğ etmək məqsədilə verilib.

Şəhərin bütün türk dünyası üçün tarixi-mədəni əhəmiyyətini qeyd edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” adına namizədliyini irəli sürüb.

Şuşa şəhəri işğaldan azad ediləndən dərhal sonra Azərbaycan şəhərə uzunluğu yüz kilometrdən çox olan yeni yolun tikintisinə başladı və bu yolun tikintisi bir ildən az müddətdə başa çatdırıldı.

Eyni zamanda, bildirilib ki, Azərbaycan 2021-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat (1,1 milyard avro) ayırıb. Bu vəsait, ilk növbədə, infrastrukturun (işıq, qaz, su, rabitə, yol, təhsil, səhiyyə və s.), eləcə də mədəni və tarixi abidələrin bərpasına yönəldilib.

Müəllif yekunda yazır ki, Azərbaycan işğaldan əvvəl 700 mindən çox azərbaycanlının məskunlaşdığı regionun yenidən qurulması üçün beynəlxalq investisiya da cəlb etmək niyyətindədir. Beynəlxalq yardım bu ərazilərin sürətli reabilitasiyasına və minlərlə insanın 30 illik məcburi köçkün həyatından sonra geri qayıtmasına lazımi yaşayış şəraiti yaratmaq üçün çox vacibdir.

2022-ci ili “Şuşa İli” elan edən Azərbaycan qarşıdan gələn il üçün prioritet istiqamətini açıq şəkildə müəyyənləşdirdi: Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək, işğaldan azad edilmiş ərazilərə həyat qaytarmaq əzmindədir. Azərbaycan xalqı Şuşanı yenidən Qafqazın mədəniyyət mərkəzinə çevirməyə qadirdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər