3 Dekabr 2014 14:57
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hafiz Səfixanov: “Ölkəmizdəki mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur”

Bu gün Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi “Landmine Monitor Report 2014” hesabatı ilə bağlı mətbuat konfransı keçirib. Birliyin sədri Hafiz Səfixanov bildirib ki, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya təşkilatı dünyanın 20 şəhərində, o cümlədən Azərbaycanda bu hesabatı təqdim edir. Onun sözlərinə görə, bu hesabat 1 sentyabr 2013 – 30 oktyabr 2014 tarixlərinində dünyada minaların və partlamamış hərbi sursatlarla (PHS) əlaqədar görülmüş işləri əks etdirir: “Hesabatda qeyd olunur ki, hazırda dünya ölkələrinin 80 faizindən çoxu (162 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) üzvüdür. Hesabat dövründə dünyanın ən böyük mina ehtiyatlarına malik ölkələrdən olan ABŞ iki dəfə xüsusi bəyanatla çıxış edərək bildirib ki, yaxın gələcəkdə konvensiyaya qoşulma məsələsinə baxılır və ancaq Konvensiyanın tələb etdiyi məsələlər Koreya yarımadasına şamil olunmayacaq. Ümumiyyətlə isə Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 35 dövlət Ottava Konvensiyasına qoşulmayıb.

Son hesabatda bildirilir ki, bu dövr ərzində yalnız iki dövlət (Suriya, Myanma) və bir separatçı qurum- Dağlıq Qarabağ tərəfindən minaların istifadə olunması faktı qeydə alınıb.

Hesabatda qeyd olunur ki, 54 ölkədə minaların təmizlənməsi əməliyyatları aparılıb və 185 kvadrat kilometrlik ərazi təmizlənib. Minalar Əleyhinə Konvensiyanın qəbul olunmasından sonra 48 milyon ədəd mina və PHS məhv edilib ki, bunun da 1 milyon ədədi son hesabat dövrünə təsadüf edir. Konvensiyaya üzv olmayan 9 dövlət – Cin, Hindistan, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Sinqapur, Cənubi Koreya və ABŞ minaların ixracına rəsmi moratorium qoyublar. Hazırda yalnız 11 ölkədə minaların istehsalı qeydə alınıb.

Hesabat dövründə dünyanın 52 ölkəsində və 3 tanınmamış ərazisində 3308 nəfərin mina və PHS qurbanı olduğu qeydə alınıb ki, bu da ötən hesabat dövrü ilə müqayisədə 24 faizlik azalma deməkdir. Lakin hesabatda bildirilir ki, bəzi ölkələrdə mina və PHS qurbanlarının hamısı qeydə alınmır və beləliklə də rəqəmin daha çox olması ehtimal olunur. Qeydə alınmış mina və PHS qurbanlarının 79 faizi mülki şəxslər olub ki, onların da 46 faizini uşaq və qadınlar təşkil edir”. H.Səfixanov qeyd edib ki, Azərbaycan hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da, bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir: “Azərbaycanda minaların təmizlənməsi əməliyyatları həyata keçirilir, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları aparılır, mina qurbanlarının problemlərinin həlli istiqamərtində işlər görülür, qonşu dövlətlərin müvafiq təşkilatlarının əməkdaşlarına treninqlər keçirilir. Bütün bunlar üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hər il artırılır.

Təşkilatımız tərəfindən aparılan tədqiqatların nəticələrinə görə Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların qurbanı olması müəyyənləşdirilib. Bu mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. Azərbaycanın elə bir regionu yoxdur ki, orda mina qurbanları olmasın. Atəşkəs müqaviləsi imzalandıqdan sonra da demək olar ki, hər ay vətəndaşlarımızın minaların və PHS qurbanı olması qeydə alınır. Bundan başqa Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur”.

Təşkilatın layihələri haqqında məlumat verən H.Səfixanov əlavə edib ki, Mina və kasetli silah qurbanları şəbəkəsinin imkanlarının artırılması və onların minaların və kasetli silahlarin qadağan olunması konvensiyalarının cəlb olunması layihəsi başa çatıb. Onun sözlərinə görə, layihə Füzuli, Beyləqan və İmişli rayonlarının ərazisində yaşayan bütün kateqoriyadan olan əlilliyi olan insanların hüquqi maarifləndirilib: “Layihə çərçivəsində Baş Nazirin müavini Abid Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov, Ombudsman, Ağcabədi, Ağdam, Füzuli, Tər-tər, Beyləqan, Bərdə, Tovuz, Qazax, Goranboy, Gədəbəy və ərazisi işğal olunmuş rayonların yerli hakimiyyət orqanları və millət vəkillərinə məktublarla müraciət olunub, ANAMA-nın direktoru, QHT rəhbərləri, din xadimləri və ictimai fəallar ilə çoxsaylı görüşlər keçirilib və onlara bu Konvensiyaların əhəmiyyəti barədə məlumatlar verilib.

Norveç höküməti tərəfindən Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya təşkilatı vasitəsilə maliyyələşdirilən bu layihənin büdcəsi 20000 ABŞ dolları olub.

BƏXTİYAR


Müəllif: