21 Sentyabr 2022 20:29
3 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün “Göyçə-Zəngəzur Respublikası”nı elan edənlər bir neçə il əvvəl tamamilə başqa adla meydana çıxmaq istəyirdilər”.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

Ekspertin məsələ ilə əlaqədar media və sosial şəbəkələrdə gedən müzakirələrə münasibəti belə olub:

“Məlumdur ki, 44 günlük müharibədən sonra Zəngəzur və Göyçə məsələsi də müzakirə olunmağa başladı. Bu məsələ xüsusən də Zəngəzur dəhlizinin açılmasının tələb edilməsi fonunda gündəmə gəldi. Söhbət Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasından, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasından və türk dünyası arasındakı maneənin aradan qaldırılmasından gedir. Bu yöndə müxtəlif səviyyələrdə açıqlamalar da verilib.

Biz heç vaxt xarici siyasətdə ədalətsiz olmamışıq, qanundankənar tələblər irəli sürməmişik. Biz 44 günlük Vətən Müharibəsindən sonra qalib kimi Ermənistana barışıq əli uzatdıq, sülh sazişinin imzalanmasının, sərhədlərin müəyyən edilməsinin vacibliyini gündəmə gətirdik. Amma bunun müqabilində məğlub Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaqsa, o zaman problemləri həll etmək çətin olacaq. O zaman biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, öz haqlı iddialarımızı irəli sürəcəyik.

Belə bir məqamda qərbi azərbaycanlılar arasında nifaq salmaq hansısa qüvvələrin maraqlarına uyğun gəlir. Bu kontekstdə qondarma qərarların verilməsi və ya “özfəaliyyət” heç cür anlaşılan deyil. Bir neçə gündür mediada “Göyçə-Zəngəzur Respublikası”nın elan edilməsi ilə bağlı müzakirələr gedir.

Təbii ki, bu real bir məsələ deyil, söhbət hansısa kağız üzərində “özfəaliyyət”dən gedir. Azərbaycanı yenidən xanlıqlara, regionlara bölmək lazım deyil, bu yolverilməzdir. Bu, feodal dövründən qalma xüsusiyyətdir. Biz yalnız Vahid Azərbaycandan, öz tarixi torpaqlarımızın bütövlüyündən danışa bilərik.

Kimlərinsə öz siyasi və ya şəxsi maraqları naminə xülyalarını cəmiyyətə sırımağa çalışması qəbuledilən deyil. Bu, dövlətə qarşı cinayətdir. Azərbaycan tarixi və bayrağı üzərindən “özfəaliyyət” göstərmək yolverilməzdir, belə bir hüquq heç kimə verilməyib. Dövlətin adından yalnız onun seçilmiş prezidenti və hakimiyyət danışa bilər. İctimai təşkilatlar isə öz funksiyalarını yerinə yetirməlidirlər, bu kimi qondarma fəaliyyətlərlə məşğul olmamalıdırlar”.

Zaur Məmmədov əlavə edib ki, “Göyçə-Zəngəzur Respublikası”nı elan edən qərarın heç bir qüvvəsi yoxdur:

“Bu gün “Göyçə-Zəngəzur Respublikası”nı elan edənlər bir neçə il əvvəl də tamamilə başqa adla meydana çıxmaq istəyirdilər. Amma onlar həmin məqamda ictimaiyyət tərəfindən dəstəklənmədilər. Bu dəfəki cəhdləri də qərbi azərbaycanlılar tərəfindən tənqid edilir. Ümumiyyətlə, onları tanıyan yoxdur. 200 ziyalıdan danışırlar, amma orada heç 5 ziyalının olub-olmadığı bəlli deyil. Ona görə də həmin şəxslərin bu “təşəbbüs”ünün heç bir qüvvəsi yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər