“44 günlük müharibəyə qədər İranın qanunsuz ticarət marşrutlarından biri də Şərqi Zəngəzur-İrəvan- Avropa marşrutu idi”.
Teleqraf.com xəbər verir ki, bunu "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
Ekspert İran-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
“İranın 2005-ci ildən nail olduğu uğurlardan biri “şiə ayparası” quraraq İraq, Suriya, Livan, daha sonra Yəməndə hərbi-siyasi üstünlük əldə etməsi idi. Məlumdur ki, İran proksi qrupları və hərb maşınını xarici ölkələrdə saxlamaq üçün yerlərdə qaçaqmalçılıq yolu ilə maliyyə əldə etməyə çalışır. Həmin qanunsuz ticarət marşrutlarından biri də Şərqi Zəngəzur-İrəvan- Avropa marşrutu idi. Azərbaycan İranla sərhədinin 132 kilometrlik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafikin qarşısını alıb. Təsadüfi deyil ki, Şərqi Zəngəzurun azad edilməsindən sonra 2021-2022 ci illər ərzində İranla sərhəddə saxlanılan narkotiklərin həcmi əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb.
Qeyd edim ki, hələ müharibəyə qədər “Vikiliks” saytı bu haqda dəqiq informasiyalar dərc etmişdi. Amerikalı diplomatların narkotiklərin daşınması haqda yazışmalarında Əfqanıstan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu xüsusi olaraq xatırlanır. Həmin məlumatlarda nəzarətsiz ərazilərdə qanunsuz silah alveri, insan qaçaqmalçılığı və narkoticarətdə Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sərkisyan və onun qardaşı, bu ölkənin keçmiş baş prokuroru Aqvin Ovsepyan, Sünik (Zəngəzur) vilayətinin eks-qubernatoru Suren Xaçaturyan, Qarabağ separatçılarının keçmiş liderlərinin adları da çəkilir”.
Zaur Məmmədov qeyd edib ki, Azərbaycan işğala son qoymaqla həm də bölgədə maraqları olan qanunsuz biznes şəbəkələrinin çirkli fəaliyyətlərinə də son qoyub:
“Bu kontekstdə son iki ildə bəzi qonşu dövlətlərin hansı qrupları tərəfindən Azərbaycana qarşı sərt reaksiyaların verildiyini nəzərə alanda, bölgənin yenidən idarəolunmaz, xaotik coğrafiyaya çevrilməsində kimlərin maraqlı olduğu da bəlli olur. Amma həmin subyektlər bilməlidirlər ki, Astanada onların addımlarının Azərbaycan tərəfindən qəbul edilməyəcəyi başa salınıb.
Əfsuslar olsun ki, İran Astana görüşündə Bakının arqumentlərindən lazımi nəticələri çıxarmaqdansa, tanklarının lülələrini şimala yönəldərək təlimlərə başladı. Amma unutmasınlar ki, Azərbaycan öz sərhədlərini keçmək istəyənlərə qarşı “müalicə resepti”ni də çox yaxşı bilir”.