“İranda baş verənlər bizim üçün çox maraqlıdır. 1979-cu il inqilabı Türkiyədə çoxlu sayda insana təsir göstərmişdi. Xomeyninin Tehrana enişi dünya sistemini narahat etmiş, region ölkələrindən diqqətlə izlənilmişdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Star” qəzetinin yazarı, siyasi ekspert Mehmet Yalçın Yılmaz deyib.
Onun sözlərinə görə, İran rejimi indiyədək müsəlman xalqlarına örnək olacaq bir sistem qura bilməyib:
“Struktur problemləri ilə yanaşı, İraqla uzun sürən müharibə və Livanda baş verənlər İranın siyasətinin məqbul olmadığını göstərdi.
İran inqilabı 43-cü ilində küçələrdə başlayan etirazlarla sorğulanır. Təbii ki, baş verənlərə görə təkcə polisi günahlandıra bilmərik. İranda iqtisadi problemlərlə yanaşı, dünya sistemindən uzaq saxlanılan gənclərin tələbləri də üst-üstə yığılıb. 1970-ci illərin İranı artıq yoxdur. Şəhərləşmiş əhali təhsilə üstünlük verir, qadınları savadlı və dünyagörüşlüdür. Kino, ədəbiyyat və rəssamlıq özünü ifadə edə bilməyən kütlələrin dünyaya açılma məkanına çevrilib.
Daxili dinamikanı pozan qocalma problemi də var. İnternetin məhdudluğu, bank sisteminin olmaması, qlobal ticarətdən kənarda qalmaq gəncləri narahat edir. Qərb sistemi isə bu böyük əhalinin qlobal şirkətlərin müştərisinə çevrilməsini istəyir. Böyük şirkətlərin iştahını açan bu ölkəni kapitalizm markaları ilə təchiz etmək istəyirlər.
43 illik sınaqdan sonra türklər İrana deyil, İran xalqı Türkiyəyə üz tutur. Hər yaşdan olan iranlının heyran olduğu Türkiyə bu prosesdə İranın gələcəyinə təsir edəcəkmi? Bu sualın cavabını zaman göstərəcək. İran daxili islahatlara getməklə öz xalqını sakitləşdirəcək, yoxsa Qərb ittifaqının müdaxiləsi ilə xaosa sürüklənəcək?”
Mehmet Yalçın Yılmaz bu gün İranda baş verənlərin bu ölkə ətrafında gedən proseslərlə əlaqələrinə də diqqət çəkib:
“Əfqanıstandan geri çəkilən ABŞ-ın ölkəni Talibana təhvil verməsi İran-Əfqanıstan sərhədində gərginliyi artırdı. Pakistanın Əfqanıstanda artan nüfuzu Tehranı narahat edir.
Türkiyə-Azərbaycan-Pakistan münasibətlərindəki yüksəliş də İranda mühasirə sindromu yarada bilər. Ancaq uzun müddətdir İraq, Suriya və Yəməndə aparılan vəkalət müharibələrinə nəzər saldıqda İran rəhbərliyi buna soyuqqanlı reaksiya verməliydi.
Qarabağ zəfərinə qədər gedən proseslərdə Tehranın İrəvanı dəstəkləməsi həm Azərbaycan, həm də Türkiyəni təəccübləndirdi. Zəngəzur dəhlizinə qarşı çıxan Tehran rəhbərliyi Türkiyənin bu ticarət yolunun arteriyasına çevriləcəyindən son dərəcə narahatdır.
Rusiya-İran-Hindistan logistika dəhlizi də diqqətdən kənarda qalmır. Xüsusən də sanksiyalarla üzləşən Rusiya üçün Hindistan nəfəs borusudur. Cənub-Şimal ticarət yolu (INSTC) Sankt-Peterburq limanından çıxan konteynerin 25 gün ərzində İranın Bəndər-Abbas limanına və buradan gəmi ilə Hindistana çatdırılmasını təmin edir. Layihə Hindistan və Rusiya arasında ən sürətli dəhliz olmaq yolundadır. Amma İran bu layihəni maliyyələşdirməkdə istəksiz olan Bakıdan narahatdır və çətin vəziyyətdə olan Rusiyanın maliyyəsinə ehtiyacı var.
Türkiyə-Azərbaycan dəhlizinin Xəzər hövzəsində çatacağı ticarət payı artıq Tehranın yuxusunu qaçırır. Xəzər ətrafındakı türk dövlətlərinin Türkiyə ilə siyasi-iqtisadi addımları İranı Xəzər limanlarında ticarəti baxımından narahat edir. Tehran hökuməti Azərbaycana qarşı düşmən münasibət sərgiləyir”.
Ekspert qeyd edib ki, İranın Rusiya, Çin və Hindistan kimi ölkələrlə münasibəti təkcə ABŞ-ı yox, həm də Körfəz ölkələrini narahat edir:
“Şiə ekspansionizmi” kimi tanınan İran tərəfindən alətləşdirilmiş şiəlik siyasi təsirini artırmaq və “livanlaşdırmaq” istədiyi ölkələrdə tez-tez istifadə etdiyi bir yanaşmadır. İraq və Yəməndə baş verənlər, Suriyadakı milislər İrana reaksiyaları artıran proseslərdir.
İranın xaricə yönəlik addımları İsraillə Körfəz ölkələri arasında əməkdaşlığa səbəb oldu. Rusiyaya kamikadze pilotsuz uçan aparatları satılması iddiaları nüvə danışıqları zamanı Tehrana ciddi problemlər yaradacaqmış kimi görünür.
İsraildəki son seçkilər müharibə komandası uddu. Körfəz-İsrail-ABŞ ittifaqı İrana müdaxilə edə bilərmi? Bu sual artıq regional gündəmi zəbt edib.
Xəzərdə təsir imkanlarını itirmək qorxusu və Xəzərin statusu ilə bağlı müzakirələr bir yana, İranın Azərbaycanı təhdid edən yanaşması və ona cəbhə açmaq istəyi ancaq ağılsızlıq kimi şərh edilə bilər. İranın yeni düşmən yaratmaq istəyi İran xalqını səfalətə və daha böyük depressiyaya sürüklənəcək. Daha da pisi odur ki, Türkiyə kimi regionun sabitliyi üçün çalışan dəyərli rəqiblə üz-üzə qalacaq”.