23 Dekabr 2022 18:45
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq, səriştə və xalqa sədaqət nümunəsi olan keyfiyyətləriniz Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq dərin hörmət qazandırır. Fərəhlə qeyd etməliyəm ki, Sizin strateji baxışlarınız və həyata keçirdiyiniz səmərəli iqtisadi islahatlar Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu və Azərbaycan xalqının rifahını əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq və nəqliyyat-logistika imkanlarının genişlənməsi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində bu il misli görünməmiş səviyyəyə yüksəlmişdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz enerji arzu edirəm".

***

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım. Dostluğumuzdan və Sizə uğurlar arzulamaq imkanından çox məmnunam.

Bir neçə gün əvvəl Sizin Bakıda mənə göstərdiyiniz qonaqpərvərliyi həm siyasi, həm də şəxsi təcrübə və bir çox mövzularla bağlı səmərəli fikir mübadiləsi baxımından məmnuniyyətlə xatırlayacağam. Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında prinsipial qarşılıqlı dəstək əlaqələri həmişəkindən daha aydın şəkildə özünü göstərir və bu, məni çox sevindirir. Eyni zamanda, beynəlxalq hüquq normalarının tez-tez kobud şəkildə pozulmasına qarşı mübarizəyə daim hazır olan Sizin kimi uzaqgörən liderlə dostluğumla fəxr edirəm.

Əziz dostum, bir daha demək istəyirəm ki, Sizi Serbiyada görməyə həmişə şadıq. Tezliklə Sizi ölkəmizdə qarşılamağı, eləcə də Belqradda və Bakıda müəyyənləşdirdiyimiz vəzifələrin və layihələrin reallaşdırılması üçün görülən işləri ətraflı şəkildə nəzərdən keçirməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, xahiş edirəm Sizə ən səmimi arzularımı və yüksək ehtiramımı qəbul edin".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər