“Moskva Qarabağdakı sülhməramlılarına yeni general təyin etməklə növbəti dəfə əzələ nümayiş etdirməyə çalışır. Davamlı sülh Kremlin planlarını pozur”.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya ordusunun keçmiş zabiti, Avropa Birliyinin Gürcüstandakı müşahidə missiyasının rəhbəri Mett Uotli deyib.
Onun sözlərinə görə, Rusiya indi əsas səylərini Ukraynada davam edən müharibəyə ayırdığı üçün “özünün tarixi təsir dairəsi”nə, xüsusən də Moskvanın mövqeyinin sarsıdıldığı Cənubi Qafqaza lazımi diqqət ayıra bilmir.
Uotli Qarabağın Azərbaycan ərazisi olduğunu da bildirib: “Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə görə, Qarabağ Azərbaycan ərazisidir, amma orada çoxlu sayda erməni yaşayır”.
Britaniyalı zabit 44 günlük müharibəsini xatırladaraq qeyd edib ki, Azərbaycan Ermənistanın əvvəllər işğal etdiyi ərazilərin əksəriyyətini geri qaytarıb: “44 günlük döyüşlərdən sonra, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi rusların vasitəçiliyi ilə atəşkəs razılaşması ilə başa çatıb”.
Uotli vurğulayıb ki, Qarabağdakı sülhməramlı qüvvələrin yeni komandanı general Aleksandr Lentsov Rusiyanın ən təcrübəli zabitlərindən biridir və onun Qarabağa gəlməsi Moskvanın Cənubi Qafqazda öz nəzarətinə ciddi yanaşdığına işarədir.
“Görünən bu idi ki, 2020-ci ildə əldə edilən atəşkəs iki qonşu arasında rəsmi sülh razılaşmasına yol açmaq məqsədi daşıyırdı. Amma bir çox ekspertlər Ermənistanla müttəfiq olan Rusiyanın münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq istədiyini düşünürlər. İstənilən sülh sazişinin Azərbaycana faydası ola, Kremlin isə Cənubi Qafqazda təsirini zəiflədə bilər”, - britaniyalı zabit söyləyib.
Onun sözlərinə görə, ötən ilin noyabrında bu şübhələr Ermənistanda doğulmuş və Kremlə bağlı oliqarx Ruben Vardanyanın Qarabağda separatçıların “dövlət naziri” təyin edilməsindən sonra daha da güclənib. Uotli qeyd edib ki, Vardanyanın orada olduğu müddətdə sülh danışıqları dalana dirənib:
“Eyni zamanda, bu ilin aprel döyüşləri bir daha göstərdi ki, Rusiya atəşkəs razılaşmasının şərtlərinə əsasən 2000 silahlı sülhməramlı yerləşdirdiyi regionda təsir və nəzarəti saxlamaq imkanlarını itirir. Rusiyanın Cənubi Qafqazda dağıdıcı kimi çıxış etməyə çalışması hamı tərəfindən qəbul olunur. Dondurulmuş münaqişə Moskva üçün faydalıdır. Çünki bu durumda öz maraqları naminə Bakı və İrəvan arasında həll olunmamış münaqişəyə arxalana bilər.
Sülh sazişi Moskvanın Qarabağda sülhməramlılara ehtiyacını da aradan qaldıracaq ki, bu da Kremlin yaxın qonşuları üzərindəki təsiri üçün həlledici məsələdir. Əgər Qərb İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına vasitəçilik etsə, bu, həm də Moskvanın öz təsir dairəsi hesab etdiyi regionda ABŞ və Avropanın təsirini genişləndirəcək”.