“Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələrində Qarabağa – Azərbaycan ərazisinə dəfələrlə qanunsuz qaçaqmalın daşınması ciddi qanun pozuntusudur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, komitənin nümayəndələri bununla öz səlahiyyətlərindən sui-istifadə edirlər:
“Komitə neytrallıq və qərəzsizlik prinsiplərinə əsaslanaraq humanitar məqsədlər üçün fəaliyyət göstərməlidir. Amma görünür, komitənin Ermənistan nümayəndəliyi öz prinsipləri ilə işləyir və artıq buna “dur” deməyin vaxtı çatıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi faktını aşkarlaması, bu qanun pozuntularının müvafiq surətdə sənədləşdirməsi mənzil-qərargahı - Cenevrəni hərəkətə gətirməlidir.
Komitənin Ermənistan nümayəndəliyinin Xankəndidə “təmsilçiliyi” barəsində məsuliyyət tədbirləri görülməlidir. Həmçinin bundan sonra bu işlər komitənin Azərbaycan nümayəndəliyinə həvalə edilməlidir. Azərbaycanın ərazisində başqa ölkənin nümayəndəliyinin “fəaliyyəti” də beynəlxalq hüquq normalarının pozulmasıdır.
Komitənin rəhbəri, direktorluğu və digər aidiyyəti beynəlxalq qurumlar da bu faktlarla əlaqədar öz münasibətlərini açıqlamalıdır. Komitənin Ermənistan nümayəndiliyinin fəaliyyəti ciddi təftiş olunmalı və müvafiq tədbirlər görülməlidir”.
Zaur İbrahimli qeyd edib ki, BQXK-nin Qarabağda “fəaliyyət” göstərən nümayəndələri arasında Azərbaycana qarşı fəaliyyət aparan ölkələrin vətəndaşları da var:
“Onlar daim ölkəmizə qarşı mənfi münasibətləri ilə seçilirlər və bunu gizlətmirlər. Belə şəxslərin bir neçəsi Azərbaycanı tərk etməli olub. Rəsmi Bakı bu cür hallara qarşı sərt münasibət sərgiləməlidir. Azərbaycanın müvafiq dövlət orqanları Beynəlxalq Qırmızı Xaç Komitəsinin öz mandatına uyğun, Azərbaycan qanunları və beynəlxalq hüquq normaları çərçivəsində işləməsi üçün onu cavabdeh saxlamlıdır”.