Beynəlxalq Böhran Qrupunun prezidenti Komfortero Ero Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası ilə Azərbaycanla sərhəddə patrul həyata keçirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Hər iki tərəfin döyüş mövqelərinin məskunlaşma ərazilərinə nə qədər yaxın olduğunu görmək təəccüblüdür. AB-nin Ermənistandakı missiyasının ştatını artırmaq qərarı alqışlanır. Kəndlilər hələ də tez-tez atışma səsləri eşidirlər, amma son aylarda qurbanların sayı azalıb”, - Ero bildirib.
Qrupun rəhbəri qeyd edib ki, Bakı və İrəvan AB-nin müşahidə missiyasını cəlb edərsə, bu, insidentlərin qarşısını almağa və transsərhəd layihələrdə əməkdaşlığa başlamağa kömək edə bilər:
“Böhran qrupu hər iki tərəfi sərhədin demarkasiyası da daxil olmaqla sülh danışıqlarına qayıtmağa çağırır. Qərb tərəfdaşlarının hadisələri izləmək səyləri danışıqlar üçün şərait yaratmaq üçün mühüm vasitədir”.