6 Fevral 13:28
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraina.ru saytı yazır.

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanla Moskva arasında hərbi-texniki əməkdaşlığın əvvəlki səviyyəsinin saxlanmasının həm obyektiv, həm də subyektiv səbəblərdən qeyri-mümkün olduğunu bəyan edib. Onun fikrincə, Ermənistan ordusunda islahatlara görə Rusiyaya arxalana bilməz. Ermənistanın baş naziri iddia edir ki, 2022-ci ilə qədər rusiyalı mütəxəssislərlə əməkdaşlıq əsasında Ermənistan ordusunun modernləşdirilməsi konsepsiyası hazırlanıb, amma sonrakı hadisələr bu konsepsiya ilə irəli gedə bilməyəcəklərini göstərib.

Sayt qeyd edir ki, Ermənistan bu fonda Hindistanla bəzi raket və zenit sistemlərinin alınması ilə bağlı danışıqlar aparır, Fransa İrəvanı radarlar və zirehli texnika ilə təmin edir:

“Hindistan ordusu və hərbi-sənaye kompleksinin imkanları, yumşaq desək, problemli məsələdir. Hindistanın özü müdafiə ehtiyacları üçün xarici təchizatçılardan silah almağa üstünlük verir. Əlbəttə, Fransa Paşinyanın qərbyönlü rejimini məmnuniyyətlə dəstəkləyəcək. Afrikada nüfuzunun itirilməsi fonunda bu gün təhlükəsizlik problemlərini getdikcə daha çox Rusiya ilə bağlayan Emmanuel Makron açıq şəkildə Moskvanı mümkün qədər vurmağın əleyhinə deyil. Amma Paris getdikcə daha çox Ukraynanı dəstəkləməyə, onu müxtəlif növ silahlarla təchiz etməyə, öz anbarlarını boşaltmağa diqqət ayırıb.

İrana gəlincə, Qərblə açıq qarşıdurma təhlükəsini nəzərə alaraq, onun öz istehsalı olan silahlara ehtiyacı var. İkincisi, Ermənistan hakimiyyətinin əcnəbi dostları çətin ki, Ermənistanla İran arasında belə bir tərəfdaşlıqdan razı olsunlar”.

Sayt hesab edir ki, ordunun döyüş qabiliyyətinin bərpası bir günün məsələsi deyil:

“Xüsusən nəzərə alsaq ki, Azərbaycanın inamlı qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsindən sonra İrəvan ordunu gücləndirmək üçün heç bir real addım atmayıb. “Fransa bizə kömək edəcək” ruhunda söhbətlər ancaq cəmiyyətin müəyyən təbəqəsini sakitləşdirməyə yönəlib. Bakıda və Ankarada bunu yaxşı başa düşürlər. Bu vəziyyətdə Paşinyanın nəyə ümid etdiyi bəlli deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər