Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsini Rusiya hərbi bazasını ölkədən çıxarmaq üçün imzalamaq istəyir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.
“Sülh müqaviləsinin iki variantı var: Rusiya və Qərb. Ermənistan Qərb variantını imzalamaq istəyir, Azərbaycan yox.
Ermənistan hakimiyyəti sülh müqaviləsini elə bu gün ona görə imzalamaq istəyir ki, həmin sənədi Rusiyaya göstərib “daha Ermənistana rus hərbi bazası lazım deyil, Cənubi Qafqazda artıq sülh var” deyə bilsin”, - ekspert qeyd edib.
Badalyan Qarabağ ermənilərinin geri qayıtması məsələsinə də toxunub:
“Heç bir erməni Azərbaycan pasportu almağa getməyəcək, orada Rusiya sülhməramlılarının nəzarəti altında yaşamaq istəmirlər. Qarabağ erməniləri geri qayıtmayacaqsa, demək, sülhməramlıların orada heç bir işi qalmır. Onların müqaviləsi 2025-ci il noyabrın 9-da başa çatır və həmin vaxt Qarabağdan çıxmalıdırlar. İndi orada qalmaq üçün Qarabağ ermənilərini geri qaytarmağa çalışırlar. Amma ermənilər geri qayıtmayacaqlar, Rusiya da yaxşı anlayır ki, erməniləri qaytara bilməsə, bu, Qarabağı tərk etmək deməkdir.
Üstəgəl, Ermənistan hakimiyyəti ölkədəki hərbi bazalarını çıxarsa, o zaman Rusiya Cənubi Qafqazı tamamilə Qərbə verə bilər. Yəni Qərb güclənir, bu da Rusiya üçün arzuolunan deyil. Odur ki, Rusiya Qarabağ ermənilərini geri qaytarmaq üçün çalışır, amma alınmayacaq”.
Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesindən danışan politoloqun fikrincə, bu, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra olacaq.
Badalyanın iddiasına görə, Ermənistan rəhbərliyinin atdığı addımlar daxildə narazılıq yaratsa da, hakimiyyət dəyişikliyi ehtimalı çox aşağıdır:
“Artıq cəmiyyətin Ermənistanda hakimiyyəti dəyişmək gücü yoxdur”.