Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın tələbi ilə konstitusiya dəyişikliyinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
“ABŞ və Avropa Rusiya və İranın Ermənistandan çıxarılmasını prioritet elan edib. Bu gün Ermənistan dövlətində birinci rəhbərlərinin iştirakı ilə anti-Rusiya və anti-İran əhval-ruhiyyəsini addım-addım gücləndirmək siyasəti aparılır. Yəni heç kimə sirr deyil ki, Ermənistan hakimiyyəti Rusiya faktorunun ölkədən çıxarılmasına şərait yaratmaq üçün məqsədyönlü siyasət yürüdür.
Rusiya sərhədçiləri artıq Zvartnots hava limanından çıxıblar. Ermənistanla Azərbaycan arasındakı sərhədin ən problemli hissələrində də Rusiya hərbçiləri ixtisar edilir”, - ekspert bildirib.
Abovyan Azərbaycanın tələbi əsasında Ermənistanda mümkün konstitusiya dəyişikliyinə də diqqət çəkib: “Türkiyə və Azərbaycan İrəvandan Ermənistan konstitusiyasının müvafiq müddəalarına yenidən baxılmasını tələb edir. Ermənistan hakimiyyəti də dövlətin birinci şəxslərinin, xüsusən də birbaşa baş nazirin iştirakı ilə bu tələbə uyğun olaraq, konstitusiyaya dəyişiklik edilməsi üçün ilkin şərtlərin formalaşdırılması prosesinə başlayıb”.
Ermənistan konstitusiyasında istinad edilən “Müstəqillik Aktı”nda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Söhbət Azərbaycanın Qarabağ iqtisadi rayonu və Türkiyənin Şərqi Anadolu bölgəsindən gedir. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması tələb edilir. Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ötən günlərdə bu amilin sülh üçün yeganə maneə olduğunu söyləmişdi.