9 Sentyabr 16:22
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Cənubi Qafqazda (Azərbaycanla Ermənistan arasında – red.) nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləməyə davam edəcək, amma beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

İranlı diplomat iddia edir ki, Tehran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının təşviqinin tərəfdarıdır.

“Qafqazda sülh bütün region ölkələrinə faydalıdır. Nəqliyyat kommunikasiyalarının açılması bölgədə sülhün möhkəmlənməsinə kömək edəcək. Bu günlərdə Qafqazda tranzit dəhlizləri və bununla əlaqəli təkliflərlə bağlı dərc olunan xəbərlər və təhlillər Putinin Bakı səfəri, bu ərəfədə Lavrovdan gələn məlum açıqlama və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin (Mariya Zaxarova) bəyanatlarına əsaslanır. Bu məsələ və şərhlər bəzən İranla bəzi qonşularımız arasında inkişaf edən münasibətlərə zidd olan müxtəlif fikir və ideyaların yaranmasına səbəb olur. Vurğulamaq lazımdır ki, bu şərhlərin dəqiq mətninə müraciət etməli, təhlil və təfsirlərə diqqət yetirməlisiniz.

İran regionda iqtisadi əlaqələr və nəqliyyat marşrutlarında yaranmış blokların aradan qaldırılmasına, Ermənistanla Azərbaycan arasında sülh planının irəliləməsinə dəstəyini davam etdirəcək. Qafqazda sülh regionun maraqlarından irəli gəlir”, - Kənani bildirib.

İran rəsmisi qeyd edib ki, bəzi regiondankənar güclər Cənubi Qafqazda qeyri-sabitlik və gərginlik yaratmağa cəhd göstərirlər: “Bu kənar güclər və rejimlər bölgə ölkələri üzərindən Qafqazı qeyri-sabitlik bölgəsinə çevirmək istəyirlər, onların prioriteti sülh deyil, əksinə regionda sabitliyi pozmağa çalışırlar”.

Tehran rəsmisi “regiondankənar güclər” dedikdə kimləri nəzərdə tutduqlarını aydınlaşdırmayıb. “Bölgədə sabitlik istəməyən regiondankənar qüvvələr” ola bilər, amma hazırda Cənubi Qafqazda Zəngəzur dəhlizi üzərindən gərginliyi artıran ölkə kimi elə İranın özü görünür. Özü də “regiondankənar güc” deyil, Ermənistanın yaxın qonşusu və dostudur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər