Ermənistan Azərbaycanla sülh müqaviləsini imzaladıqdan sonra dərhal KTMT-dən çıxmağa çalışacaq. İrəvanın sülh dövründə növbəti addımı Rusiyanın 102-ci hərbi bazası və sərhədçilərini ölkə ərazisindən çıxarmaq olacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiyanın orbitindən çıxmaq üçün hüquqi-siyasi ortamın formalaşmasını gözləyir:
“Türkiyə ilə ilkin şərt olmadan danışıqlar gedir, Azərbaycanla sülh prosesində müəyyən irəliləyişlər əldə edilib. Alen Simonyan buna görə də Rusiya ilə müəyyən razılaşmalara yenidən baxacaqlarını söyləyir.
Sülh müqaviləsinin imzalanması üçün Ermənistan hakimiyyətinin gələn il konstitusiya dəyişikliyinə gedəcəyi gözləniləndir. Bunun üçün referenduma ehtiyac yoxdur, müvafiq maddələrin dəyişdirilməsi və ya çıxarılması digər hüquqi prosedur və qanunverici aktlarla mümkündür. Hazırda Konustitusiya Komissiyası bu məsələni araşdırır.
Ermənistan prosesi 2027-ci ilə kimi uzatmağa çalışsa, bu, İrəvanın əleyhinə işləyəcək. Daxili reytinqi aşağı düşən Nikol Paşinyan işi şansa buraxmaq istəmir.
ABŞ Ermənistanı başa salıb ki, Azərbaycan və Türkiyə ilə normallaşma olmadan Rusiya və İranın təsirindən çıxmaq mümkün deyil. Azərbaycan sülhə çoxdan hazırdır, öz siyasi iradəsini ortaya qoyub, məsələ Ermənistandan asılıdır. Artıq sülh müqaviləsi yekuna doğru hazırlanmaq üzrədir. 17 bənddən ibarət sülh müqaviləsinin 13 bəndi razılaşdırılıb”.
Əsədullazadə hesab edir ki, sülh sazişi gələn il imzalana bilər.