3 İyun 2015 10:46
4 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cənubi Qafqazda əlverişli coğrafi mövqeyi, təbii şəraiti və zəngin təbii sərvətləri ilə həmişə diqqət mərkəzində olub. Məhz bu səbəbdən də bu ərazilərdə həmişə münaqişələr, müharibələr tez-tez baş verib.

Müharibə gedən ərazilərdə isə hər dəqiqə ölə biləcəyini düşünən insanlar ekologiyanın və ya ətraf mühitin qorunması haqqında heç bir qanun-qaydaya əməl etmirlər. Ona görə də təbiəti, sözün əsl mənasında, məhv edilir.

1990-cı illərdən Azərbaycanın zorla cəlb edildiyi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Xəzər hövzəsində nəinki tək Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə, eyni zamanda bütün Xəzər hövzəsi regionunda yerləşən dövlətlərin hamısının İran, Türkmənistan, Qazaxıstan, Rusiya, eləcə də Gürcüstan və Türkiyənin ekoloji durumuna mənfi təsir göstərir. Ermənistanın bəzi rəsmi məlumatlarında Azərbaycan ərazilərini çirkləndirməsi, atmosferə və su hövzələrinə atılan zərərli maddələrin miqdarı az da olsa göstərilir. Əslində isə, Ermənistan tərəfindən ətraf mühitin çirkləndirilməsi aşağıda göstərilənlən rəsmi məlumatlardan bir neçə dəfə çoxdur.

Atmosferə atılan zərərli maddələrin miqdarı (Ermənistan Respublikasının rəsmi məlumatı)

Atılmış zərərli maddələrin cəmi, tonla

2008

2009

2010

2011

Toz

Kükürd dioksid

Azot oksidləri

Karbon oksid

Cəmi:

28,53

0,14

9,40

44,2

82,76

26,37

40,00

9,44

44,24

120,05

2020,00

0,04

9,20

44,00

2073,24

-

0,04

9,20

44,00

53,24

Su hövzələrinə atılan zərərli maddələrin miqdarı. (Ermənistan Respublikasının rəsmi məlumatı)

Atılmış zərərli maddələrin cəmi, tonla

2008

2009

2010

2011

Suspenziyalar (asılqanlar)

Ammonyak

Sintetik maddələr

Xloridlər

Neft məhsulları

Sulfatlar

Oksigendə biokimyəvi tələbat

Cəmi:

35,539

0,124

0,0963

0,3

0,1933

2,16

0,044

38,463

37,52

0,12

0,47

0,66

0,15

2,16

0,04

41,13

47,475

0.004

0,00032

0,18

0,15

2,16

0,044

50,01332

44,688

0,121

0,1933

38,78

0,1653

2,16

0,044

86,1516

Ermənistan ərazisindən gün ərzində 2,1 milyon m3 çirkab su təmizlənmədən bu ölkənin ərazisindən gələn Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay qolları vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistanın Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti bütünlüklə Xəzər hövzəsindəki ölkələrin təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmaqda davam edir. Belə ki, Ermənistanın bu qeyri-insani hərəkətləri, xüsusilə Qarabağ və ətraf rayonlarda ekoloji tarazlığın pozulmasına - mineral xammal ehtiyatlarımızın qanunsuz mənimsənilməsinə, meşə zolaqlarının vəhşicəsinə qırılmasına və yandırılmasına, Araz çayı və qollarının çirkləndirilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb olan işğalçılıq siyasətini dövlət siyasətinə çeviriblər. Axar suların çirkləndirilməsi Xəzər dənizində nadir balıq növlərinin kökünün kəsilməsinə və dəniz florasının tədricən məhv edilməsinə səbəb olub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2014-cü ilin oktyabr ayının II ongünlüyündə həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür və Araz çayları, onların qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması bir daha sübut olunub. Belə ki, suyun tərkibindəki spesifik çirkləndiricilərdən sayılan fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4.9, Ağstafaçay su anbarında isə 4 dəfə, Araz çayı üzrə isə Horadizdə 3.4, I Şahsevəndə 3.1, Bəhramtəpədə isə 2.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.

Gündən-günə qloballaşan dünyanın iqtisadiyyatına nəzər salsaq, burada dağ-mədən sənayesinin sürətlə artan rolunu görə bilərik. Bu gün Azərbaycanın mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri ölkədə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə, dağ-mədən sənayesi məhsulları və xammalın dünya bazarına ixrac olunmasına geniş imkanlar yaradır. Hazırda Azərbaycanın mövcud imkanları onu yüksək dərəcədə inkişaf etmiş dağ-mədən sənayesinə malik olan bir ölkəyə çevirməyə qadirdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, geoloq-mütəxəssis M.Y.Fətəliyevin verdiyi məlumatda göstərir ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində (XX əsrin 60-80-ci illərdə) faydalı qazıntılarının öyrənilməsi üçün aparılan geoloji, geofiziki və hidrogeoloji axtarış və kəşfiyyat işlərinə faktiki olaraq 50 milyona yaxın sovet rublu həcmində maliyyə vəsaiti sərf edilmişdi. Bunun nəticəsidir ki, işğal edilmiş ərazilərdə ehtiyatları təsdiq olunaraq Azərbaycan Respublikasının faydalı qazıntılarının dövlət və sahə balanslarında qeydiyyata alınmış 163 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yataqları aşkarlanmışdır. Bu yataqlardakı mineral xammalın müasir bazar qiymətləıri ilə dəyəri trilyonlarla ABŞ dollarına bərabərdir.

Ümumilikdə isə, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahələri müəyyən olunub.

Keçmiş SSRİ dövründə geologiya naziri işləmiş, hal-hazırda Dağlıq Qarabağda məskunlaşan Qriqori Qabrielyanın məlumatında isə 285 faydalı qazıntı yatağı qeydiyyata alındığı, onlardan 83-ün filiz, 197-nin qeyri-filiz, 5-nin yanar faydalı qazıntılar olması, həmçinin faydalı qazıntılara dair 78 proqram tərtib edildiyini, bunların 68-nin hasilatla, 14-nün tədqiqatlarla (11 filiz, 1 qeyri-filiz və 2 yanar faydalı qazıntılar) bağlı olduğu qeyd edilir.

23 ildir ki, işğal əraziləri və 70 km-lik münaqişə zolağı boyu geoloji tədqiqatlar aparmaqdan və işğal altındakı ərazilərdəki zəngin mineral xammal bazasından Azərbaycanın iqtisadi inkişafı naminə böyük gəlirlər əldə etməkdən məhrum olunub.

1992-1995-ci illər ərzində ermənilər işğal etdikləri əraziləri etnik təmizləməyə məruz qoyaraq, azərbaycanlı əhaliyə məxsus bütün növlərdən olan mülkləri satıb gəlir əldə edirdilərsə, 1995-ci ildən sonra onlar talançılığın digər istiqaməti olan faydalı qazıntı yataqlarını talamaqla məşğul olmağa başladılar. Bu talançılığa Ermənistan ABŞ, Rusiya, Kanada, İsveçrə, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Hollandiya və digər dövlətlərdən 30-a yaxın şirkət cəlb edilib.

İşğal altındakı ərazilərində Ermənistan tərəfindən yataqların işlənməsinin texniki iqtisadi göstəriciləri istismar müəssisələrinin yüksək rentabelliklə fəaliyyət göstərəcəyini təsdiq edir. Odur ki, milyardlarla ABŞ dolları gəlir gətirəcək mineral xammal mənbələri ermənilər tərəfindən asanlıqla talan edilir.

Olduqca acınacaqlı haldır ki, işğal ərazilərində istismar işləri ilə məşğul olan xarici şirkətlərin əksəriyyətinin 3-5 illik lisenziyalarla fəaliyyət göstərməsi sübut edir ki, yataqların zəngin yerlərinin talan edilməsi ilə daha çox varlanmaq prinsipi əsas tutulur. Bu isə mineral xammal bazamızın kökündən məhv edilməsi deməkdir və bu ermənilərin Azərbaycanın bugünkü və gələcək iqtisadi inkişafına təcavüzüdür. İşğal edilmiş ərazilərdə təbii sərvətlərin talan edilməsi təkcə separatçı Qarabağ rejiminin deyil, həm də Ermənistan iqtisadiyyatının da əsas gəlir mənbəyinə çevrilib.

12 ildən çoxdur ki talan edilən, ümumi ehtiyatı 150 tona yaxın olan 3 böyük qızıl yatağının (Qızılbulaq, Vejnəli, Söyüdlü (Zod)) , həmçinin 2 polimetal (Mehmana və Dəmirli yataqları), bir sıra civə, onlarla tikinti materialları, bəzək daşı, yeraltı şirin su, mineral su yataqlarının istismarı nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarı on milyardlarla ABŞ dolları həcmindədir. Azərbaycanın işğal olunmuş ərazilərindən mineral suların ixracı Ermənistan büdcəsinin valyuta daxilolmalarının əsas hissəsini təşkil edir.

Torpaq ən böyük sərvətimizdir və onu dağ süxurlarından fərqləndirən başlıca cəhət münbitliyidir. Qırılmış meşə sahəsinin bərpa olunması üçün on illər lazım olduğu halda, münbit torpaq örtüyünün bərpası üçün isə yüz, hətta min illər tələb olunur. Hal-hazırda işğal ərazilərində törədilən yanğınlar, dağıdıcı fəaliyyətlə əlaqədar yamacların geniş istifadə edilməsi, meşələrin məhv edilməsi, torpağın yamac boyu şumlanması güclü eroziya prosesinə səbəb olur.

2006-cı ildən başlayaraq ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində Azərbaycanın 100 min hektara qədər münbit torpaqları məhv edilmiş və tanınmaz şəklə salınmışdır. Təəssüflər olsun ki, bu günədək də bu yanğınlar mütəmadi olaraq törədilməkdədir. Bu sahədə respublikamıza yüz milyonlarla ABŞ dolları həcmində birbaşa və hesablanılması mürəkkəb olan külli miqdar dolayı zərər dəymişdir.

Azərbaycanın işğal altındakı əraziləri heç bir dövlətin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mənbəyinə çevrilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün zəruri şərait yaratmışdır.

ABŞ Dövlət Departamentinin 2001-ci ilin martında açıqlanmış hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bildirilir və Ermənistana coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt olduğu bildirilir.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə 247 352 hektar meşə sahələri, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt qalmışdır. Erməni işğalı altında qalan meşələrdə 460-dan çox yabanı ağac və kol növləri bitir ki, bunların da 70-i endemik növlərdir və dünyanın heç yerində təbii halda bitmir.

Kəlbəcər rayonunda 968 hektar sahəsi olan ayı fındığı, Laçın rayonunda 1092 hektar sahəsi olan ardıc ağacı, Xocavənd rayonunun Qarakənd kəndində 0,5 hektarlıq üçüncü dövrün relikt növü olan azat ağacı sahəsi, Zəngilan rayonunda 10 000 hektar sahəsi olan Araz palıdı, keçmiş Ağdərə rayonunda 5,0 hektar sahəsi olan palıdla fıstıq qarışığı şərq çinarı və Xocalı rayonu ərazisində Bədərə çayı hövzəsində "Yeddi kilsə" adlanan yerdə fıstıq, palıd və pirkal ağaclarından ibarət 20,0 hektarlıq "Pirkal" meşəsi uzun illər xüsusilə qorunduğu halda bu gün ermənilər tərəfindən məhv edilir, bütün bu meşələrin ətrafında tikilən 10-dan çox ağac sexlərində emal edilərək xarici ölkələrə satılır.

İşğal edilmiş ərazilərdə hündürlüyü 45 m, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 şərq çinarı, 3 dağdağan, 1 azat ağacı, 1 armud, 1 palıd və 1 saqqız ağacından ibarət 152 ədəd təbiət abidəsi olan ağaclar qalmış və demək olar ki, məhv edilib. Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir, onların yerləşdiyi ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır. Təbiət abidələrindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada elmi, mədəni və tədris məqsədləri üçün istifadə oluna bilər və onların mühafizə olunmasında əsas məqsəd elmi-öyrədici, mədəni-maarif və estetik məqsədlər üçün genefondu təbii vəziyyətdə qoruyub saxlamaqdır.

Geoloji-paleontoloji obyekt kimi qorunan Xocavənd rayonundakı “Azıx” və “Tağlar”, Şuşa rayonunda “Xan” və “Qaxal”, Cəbrayıl rayonunda “Divlər sarayı” mağaraları hal-hazırda ermənilər tərəfindən silah-sursat anbarları kimi istifadə olunur.

İşğal ərazilərindəki xüsusi mühafizə olunan təbiət ərazilərində də vəziyyət acınacaqlıdır. Mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə Zəngilan rayonunda yaradılan Bəsitçay Dövlət Qoruğunun 100 hektardan artıq olması, nəhəng gövdəsi, geniş çətiri, çox oduncağı ilə şöhrət qazanmış və Azərbaycanın "Qırmızı Kitabı"na yazılmış çinar meşələri tuturdu.

Orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m olan bu çinar ağacları içərisində yaşı 1200-1500 ilə, hündürlüyü 50 m, diametri isə 4 m-ə çatan nümunələr də vardı. Ağac ehtiyatı hər hektarda 190 m3, ümumi ərazi üzrə isə 16200 m3, illik artımı isə 1 ha-da 1,22 m3-ə çatan bu çinar ağacları da 1993-cü ildən bəri kütləvi şəkildə kəsilib mebel istehsalında istifadə edilir.

Ərazidəki biomüxtəlifliyi qorumaq və artırmaq məqsədilə yaradılmış və ümumi sahəsi 240 hektar olan Qaragöl dövlət qoruğu, ərazisində məşhur Hacışamlı qırmızı palıd (qızıl palıd) meşəsi olan 21,4 ha-lıq Laçın dövlət yasaqlığı, 20 000 hektar ərazidə yaradılmış Qubadlı dövlət yasaqlığı, Araz çayı sahilində 5 000 hektar ərazidə yaradılmış Arazboyu yasaqlıq və Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılmış 450 hektarlıq Daşaltı yasaqlığı kimi mühafizə olunan təbiət ərazilərindəki flora və fauna amansızlıqla talan edilir.

Erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş zəngin faunası ilə seçilən ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptillilərin 3, həşəratların 8, bitkilərin isə 27 növü hazırda ağır durumda olmaları və nəslinin tamamilə kəsilməsi təhlükəsi ilə üz-üzədirlər.

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası da regionun ekologiyasını bütövlükdə böyük təhlükədir. Qeyd etmək lazımdır ki, hazırda dünyada beş növ atom reaktorundan istifadə edilir. Lakin Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında fəaliyyət göstərən sulu qrafitli, kanallı reaktor təhlükəsizlik baxımından xeyli geri qaldığı üçün həmin beşliyə daxil edilməmişdir. Azərbaycan tərəfi bu faktı Avropa Şurasının Parlament Assambleyasının sessiyalarında dəfələrlə qaldıraraq həmin AES-in fəaliyyətinin dayandırılmasını tələb etmişdir. Avropa Birliyi bu stansiyanın bağlanması üçün Ermənistana 1 milyard ABŞ dolları təklif etsə də, bədnam qonşularımız müxtəlif bəhanələrlə məsələnin həllindən boyun qaçırırlar. Bu baxımdan dünyanın tədqiqatçı alimləri Metsamor AES-nin ətraf mühiti çirkləndirmə dərəcəsinin daha da dəhşətli təhlükələr yaradacağından ehtiyatlanır və həyəcan siqnalı verilir.

Məlumatlara görə, artıq radioaktiv tullantıların ənənəvi basdırılma üsullarından imtina edən erməni tərəfi həmin maddələri işğal etdikləri Azərbaycan torpaqlarında adi tullantı şəklində yerləşdirirlər.

7 may tarixi, 2002-ci il AŞPA-ya təqdim olunan 9444 saylı sənəddə deyilirdi:“Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrindən biri də Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilən torpaqlarda, Qarabağ dağlarında və Azərbaycan Respublikasının digər yeddi rayonunda nəzarət edilməyən nüvə zonalarının yaradılması olmuşdur ki, bu da bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə törədir. Qeyd edək ki, işğal edilən ərazidə 29 nüvə mərkəzi var. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir”.

Müharibə qanun və qaydaları barədə 1907-ci il Haaqa Konvensiyasına görə, müharibə aparan tərəf qarşı tərəfin ərazisini işğal edərsə, bu zaman mülki əhaliyə aid olan əmlakın talan edilməsinə yol verilmir və bu əməl hərbi cinayət hesab edilir.

Ekoloji problemlər hazırda dünyada qlobal məsələ kimi müzakirə olunur və həyəcan təbili çalınır. Həmin sessiyada işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbiətinə vurduğu ziyanla, yanğınların törədilməsi ilə bağlı ciddi narahatlıqlar diqqətə çatdırılıb.

Ermənistanın bu əməlləri ilə bağlı Azərbaycan tərəfi Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibi, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibi, BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyi, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidenti rəsmi şəkildə məlumatlandırmış, işğalın aradan qaldırılması və təbiətə qarşı törədilən cinayət əməllərinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır.

1992-ci il Ətraf mühitə və inkişafa dair beynəlxalq Rio-de-Janeyro bəyannaməsində göstərilir ki, bugünki inkşaf indiki və gələcək nəsillərin ziyanına həyata keçirilməməli, dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədilə əmakdaşlıq etməlidirlər. Bəyənnamədə qeyd olunur ki, inkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməkdə beynəlxalq cəhdlər üçün öz məsuliyyətini dərk etməli, ətraf mühiti çirkləndirən bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalı, müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərdiyinə görə dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

"Ətraf mühit və təbii sərvətlərə vurulan ziyan" ümumiləşdirilmiş anlayışdır. Bu anlayış özündə aşağıdakı 3 elementi birləşdirir:

1) real dəymiş ziyan (təbii obyektlərdə və təbii sərvətlərdə olan itkilər);

2) vurulmuş ziyanın aradan qaldırılmasına çəkilmiş xərclər şəklində dəymiş ziyan;

3) alınmamış gəlirlər və ya itirilmiş fayda şəklində dəymiş ziyan.

Ətraf mühit və təbii sərvətlərə dəymiş ziyan, təbiəti kəmiyyət (təbii sərvətlərin miqdarının azalması) və keyfiyyət (ətraf mühitin çirklənməsi, şoranlaşma, eroziya və s.) cəhətdən mənfi istiqamətdə dəyişdirir ki, bu da bütünlükdə insan həyatına və sağlamlığına təhlükə yaradır, irsiyyət dəyişkənliyi prosesi güclənir, əhalinin iş qabiliyyəti aşağı düşür, iqtisadi və təsərrüfat cəhətdən əlverişsiz şərait yaranır.

Bu mənada təbiətə dəymiş ziyana görə, ekoloji cinayətlər iki formada özünü göstərir:

1) iqtisadi;

2) ekoloji.

İqtisadi ziyan - təbiət istifadəçilərinin hüquq və mənafelərinə, onların əmlakına və gəlirlərinə dəymiş ziyandır.

Ekoloji ziyan - ətraf mühitin çirklənməsi, təbii ehtiyatların dağıdılması və tükənməsi ilə nəticələnən təbii obyektlərə və bütünlükdə təbii ekoloji sistemlərə dəymiş ziyandır.

Ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərə görə Ermənistan tərəfi kompensasiya ödəməyə borcludur. Belə ki, beynəlxalq hüquqa əsasən zərər çəkmiş dövlətə dəymiş real ekoloji zərərlərə görə kompensasiyanın ödənilməsi zəruri hesab olunur. Nəzərə almaq lazımdır ki, dövlətlərin məsuliyyəti haqqında “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” Konsepsiyasınin 36-cı maddəsinə aid şərhin 15-ci bəndində qeyd olunur ki, hərdən “utilitar əhəmiyyət daşımayan dəyərlər” adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərədən az real deyil və ödənilməlidir, baxmayaraq ki, miqdar cəhətdən onun hesablanması daha çətin ola bilər”. Beynəlxalq hüquqda bu sahəyə aid normaların formalaşmasıvə inkişafı Küveytə qarşı təcavüz nəticəsində vurulmuş zərərinİraq tərəfindən ödənilməsinə dair məsələlərin həllində BMT Təhlükəsizlik Şurasının və BMT Kompensasiya Komissiyasının fəaliyyəti ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 3 aprel 1991-ci il tarixli 687 saylı qətnaməsinin 16-cı bəndindəqeyd edilir ki, Küveytə hüquqazidd təcavüz və onun işğalınəticəsində meydana gəlmiş bütün itkilərə, o cümlədən ətrafmühitə vurulmuş zərərə və təbii resursların azalmasına görə beynəlxalq hüquq üzrə İraq dövləti məsuliyyət daşıyır. Bu qətnaməyə əsasən BMT-nin Kompensasiya Komissiyası konkret olaraq, “ətraf mühitə vurulmuş zərər və təbii resursların azalması” anlayışlarını əhatə edən zərərin müxtəlif növlərini göstərdi. Qeyd edilənlər ətraf mühitə vurulmuş zərərə görə məsuliyyətin artırılması tendensiyasını əks etdirir və bu hal ətraf mühitə vurulmuş zərərin azaldılmasında dövlətlərin ümumi marağını müəyyən edir.

Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Ermənistan öz işğalçılıq siyasəti ilə nəinki təkcə Azərbaycana eyni zamanda Xəzər hövzəsində olan bütün dövlətlərin ekoloji durumuna ciddi ziyan vurur.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının

sədri Faiq İsmayılov


Müəllif:

Oxşar xəbərlər