Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qax Rayon Təşkilatının IV konfransı keçirilib.
Partiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, konfransda təşkilatın özəklərindən seçilmiş nümayəndələr, VHP Siyasi Şurasının üzvü Samir Əsədli, Ali Məclisin üzvü Məhəmməd Qadaşlı və şöbə müdiri Səlcuq Elçin iştirak edib.
Konfrans sədarət və katibliyin seçilməsi ilə işə başlayıb. Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Elşən İbrahimov konfrans öncəsi özək təşkilatlarının toplantısı və digər hazırlıq işləri barədə məlumat verib.
VHP Qax Rayon Təşkilatının sədri Zaza Poladaşvili geniş hesabat məruzəsi ilə çıxış edib, rayon təşkilatının və onun seçkili orqanının gördüyü işlər, təşkilatın qarşısında duran vəzifələr, rayondakı ictimai-siyasi vəziyyət barədə məlumat verib. O bildirib ki, VHP çoxmillətli partiyadır: “Bizim üzvlərimizin arasında gürcülər, ləzgilər və çaxurlar var. Biz bu partiyada özümüzü daha yaxşı hiss edirik. Çünki bu partiya bizim hər birimizin hüququnu qoruyur və bizləri müdafiə də edir. VHP bəlkə də yeganə partiyalardandır ki, onun 20-dən artıq gürcü üzvü var”.
NTK sədri Asif Qədirli çıxışında bildirib ki, təşkilat öz fəaliyyətini VHP-nin Nizamnaməsinə uyğun qurub və onun Məramnaməsindən irəli gələn məsələləri həll etməyə çalışır. Konfrans iştirakçılarından - Ağsaqqallar Şurasının sədri Allahyar Qadaşlı, Qadınlar Şurasının sədri Elnarə Elşadqızı, Gənclər Təşkilatının sədri Roma Zazayeviç, Qax İngiloy kənd özək təşkilatının sədri Enriko Canaşvili, Qax şəhər özək təşkilatının sədri Cəfər Məhyəddinov və digərləri də çıxış edərək təşkilatın fəaliyyətindən danışıb, öz təkliflərini veriblər.
VHP Ali Məclisinin üzvü Məhəmməd Qadaşlı da qurultay hazırlıqları və VHP-nin fəaliyyəti barədə məlumat verib.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə çıxışında ölkədəki ictimai-siyasi vəziyyət barədə danışıb. O bildirib ki, VHP-nin əsas işi ölkədə vətəndaş həmrəyliyinə xidmət etmək və bu ideologiyanı gerçəkləşdirməkdir: “VHP-nin 80 rayon təşkilatı fəaliyyət göstərir və partiyanın üzvləri arasında 18 millətin nümayəndəsi var. Bu, VHP-nin hər bir vətəndaşın və ölkədə mövcud olan bütün milli azlıqların partiyası olduğunu göstərir”.
Sonda 11 nəfər Məclis üzvü, 3 nəfər NTK üzvü və qurultaya 9 nəfər nümayəndə seçilib. Zaza Poladaşvili isə böyük səs çoxluğu ilə yenidən rayon təşkilatının sədri seçilib və onun qarşıdan gələn parlament seçkilərində 112 saylı Qax Seçki Dairəsindən namizədliyinin Milli Məclisə irəli sürülməsi qərara alınıb.
Bununla da konfrans öz işini yekunlaşdırıb.
Nemət