23 Sentyabr 2015 13:00
2 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxta, süni, keyfiyyətsiz ərzaq, geni dəyişdirilmiş bitkilərlə bağlı mətbuatda mütəmadi məlumatlar yer alır. Bu dəfə isə saytlarda və sosial şəbəkələrdə Çin istehsalı olan plastik düyülərin hazırlanması haqqında videogörüntü yayılıb.

Videoçarxda bu məhsulun kartof kraxmalından və polietilendən hazırlandığı göstərilir. Çox da mürəkkəb olmayan istehsal prosesindən keçən polietilen düyülərin əmtəə görünüşü hətta adi düyüdən də cəlbedicidir. Əsl düyülər irili-xırdalıdırsa, bu düyülər standart formalı və daha parıltılıdır.

Süni düyülərin Azərbaycan bazarlarına daxil olması mümkündürmü?

Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda 31617 ton təmizlənmiş düyü ərzaq məhsulu kimi istifadə olunub ki, bunun da 29474 tonu idxalın payına düşür.

Rəqəmlərdə uyğunsuzluq görünsə də, 2679 tonun istehsal, 9169 tonun ötən ilin qalığı, 18 tonun ixrac, 554 tonun itkilər olduğu qeyd edilib. Yekunda isə ötən il təmizlənmiş düyünün ümumi istifadələr cəminin 41322 ton olduğu göstərilib.

Mənfəəti üçün daha ucuz düyü gətirən sahibkar

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, dünya mətbuatında süni düyünün yalnız Çində deyil, İndoneziya, Koreya kimi ölkələrdə də istehsal olunduğu qeyd edilir. Onun fikrincə, Azərbaycana bu cür məhsulların gətirilməsi ilə bağlı ehtimallar məntiqəuyğundur. Çünki bəzi sahibkarlarımız daha çox qazanc götürmək üçün daha ucuz məhsulları ölkəyə idxal edirlər: “İstehlakçıların da seçim imkanı zəifdir, çünki daxili istehsal azdır. Avropa və Asiya ölkələrindən bahalı və keyfiyyətli düyülər ölkəmizə çox az gətirilir”.

Şoran torpaqlarda düyü becərilməsi əlverişlidir

Ekspertin sözlərinə görə, düyü becərilməsi üçün Azərbaycanda münbit şərait var. Bu səbəbdən gen dəyişikliyinə məruz qalan çəltik bitkisinin ölkəmizdə becərilməsi haqqında deyilənlər ağlabatan deyil: “Bitkinin geninə o halda gen əlavə edilir ki, bitki ətraf mühitə, zərərvericilərə, xəstəliklərə qarşı dözümlü olsun. Azərbaycanda becərilən çəltiyin elə ciddi zərərverici və xəstəliyi yoxdur.

Yerli düyü daha çox Lənkəranda istehsal edilir. Halbuki şoran torpaqlarda düyü becərilməsi mümkündür. Bu zaman həm suvarılma prosesində torpağın keyfiyyəti yaxşılaşar, həm də məhsul istehsal olunar. Digər dənli bitkilər kimi, çəltiyin də suya tələbatı çoxdur. Suvarılma və aqrotexniki qaydalara düzgün əməl olunarsa, yaxşı məhsuldarlıq əldə etmək mümkündür".

Vahid Məhərrəmov dedi ki, Azərbaycana süni düyü gətirilirsə, bu, yerli istehsalın azlığından çox, maya dəyərinin baha olması ilə əlaqədar ola bilər: “Yerli düyü 1 manata, hətta keyfiyyətlisi 2 manata təklif olunur. Xaricdən gətirilən düyü isə nisbətən ucuzdur, əhalinin də alıcılıq qabiliyyəti aşağı olduğuna görə keyfiyyətə yox, qiymətə üstünlük verənlər çoxdur”.


Əsl düyü qocalmanı ləngidir

Vahid Məhərrəmov dedi ki, keyfiyyətinə görə düyü digər dənli bitkilərdən fərqlidir. Tərkibi D vitamini ilə zəngin olan düyünün tərkibində 7-8 adda amin turşuları da var ki, yeni hüceyrənin əmələ gəlməsində əhəmiyyətli rol oynayır.

Görünür, bu səbəbdəndir ki, düyünü çox hallarda “qocalmanı ləngidən qida” adlandırırlar.
Vahid Məhərrəmov bildirir ki, dənli bitkilər xüsusi texnologiya ilə hazırlandıqda temperatur həddən artıq yüksək səviyyəyə qaldırılır və onların tərkibində bir çox əhəmiyyətli maddələr öz tərkibini itirir: “Süni düyülər nisbətən yüngül olur. Xarici görünüşünə baxdıqda da fərqi hiss etmək mümkündür. Keyfiyyətində, dadında da fərq var.

Amma bütün hallarda bu məhsul natural olmadığı üçün ciddi laborator analizdən keçilməli, qida sahəsi üzrə mütəxəssislər bu barədə rəy verməlidirlər. Təəssüf ki, ölkəyə idxal olunan bir çox məhsullara nəzarət tam təmin edilmir".

“Hər həftə şikayət alırıq”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, keyfiyyətsiz düyülərlə bağlı hər həftə birliyə 5-7 telefon zəngi daxil olur. İstehlakçılar düyünün keyfiyyətindən, əvvəlki ətri və tamı verməməsindən, bişirilməsi zamanı ortaya çıxan problemlərdən narahatlıq bildirirlər.


Eyyub Hüseynov tövsiyə edir ki, əsl düyü ilə süni düyünün fərqini ayırd etmək üçün istehlakçı aldığı məhsuldan bir ovuc götürüb suya qoysun. Əsl düyü bir həftə, 10 gün sonra cücərti verəcək, süni düyü isə yox. O, hesab edir ki, bu məsələyə dövlət oqranlarının mövqe bildirməsi vacibdir.

“İstehlakçı müraciət etsə, analiz apararıq”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirdi ki, komitəyə süni düyülər haqqında heç bir məlumat daxil olmayıb.

Komitənin nəzdindəki Təcrübə-Sınaq Mərkəzinin Yeyinti və kənd təsərrüfatı laboratoriyasının müdiri Türkan Abbasova bildirdi ki, laboratoriya ödənişli əsaslarla fəaliyyət göstərdiyinə görə qurumun yalnız normativ sənədlərə uyğun olaraq məhsullar üzərində analiz aparmaq səlahiyyəti var. Həmçinin istehlakçılar da şübhəli qaldıqları məhsulun tərkibini öyrənmək üçün laboratoriyaya ödənişli analizin aparılması üçün müraciət edə bilər: “Əlbəttə, istehlakçı müraciət etsə, analiz apararıq”.

Kanserogen süni qidalar xərçəng yaradır

Diyetoloq Tutu Zeynalovanın sözlərinə görə, polietilen tərkibli süni düyülər mədə-bağırsaq sistemində problemlər, ən ağır formada isə xərçəng yarada bilər: “O cür kanserogen maddələr orqanizmdə fəsadlar doğurur. Bütün hallarda belə məhsulların zərərlilik dərəcəsi öyrənildikdən sonra fikir bildirmək mümkündür. Amma mən düşünmürəm ki, Azərbaycana bu cür məhsullar gətirilsin. Çünki ölkəyə idxal edilən məhsullara dövlət nəzarəti var”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər