Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın İNPEX şirkəti tələbələr üçün təlim keçib.
Teleqraf.com-un məlumatına görə, təlimdən öncə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşinanın başçılığı ilə nümayəndə heyəti və Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara, o cümlədən SOCAR UPSTREAM şirkətinin nümayəndə heyəti ilə görüş keçirib. O, professor Masanori Kuriharanın təqdim edəcəyi mühazirənin tələbələr üçün çox faydalı və yaddaqalan olacağına əmin olduğunu deyib, Yaponiyanın təhsil və istehsalatda əldə etdiyi nailiyyətləri ilə nümunə olduğunu vurğulayıb.
Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara bu görüşü gələcək əməkdaşlığın ilkin addımı kimi qiymətləndirərək bu əməkdaşlığın sürətlə davam edəcəyinə əminlik ifadə edib. O, tələbələrə “Kəşfiyat və Hasilat üzrə “asan əldə edilən neft-qaz”, eləcə də neftçıxarma əmsalının artırılması, ətraf mühitə zərər vurmadan qeyri-ənənəvi neft və qaz yataqlarının (çətin əldə olunan neft-qaz) işlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Masanori Kurihara qırılmalarla müşayiət olunan mürəkkəb layların, eləcə də aşağı keçiriciliyə malik və ya antiklinal olmayan neft-qaz laylarının işlənməsi, dərin sularda, qütb regionlarında, yüksək təzyiq və yüksək temperaturda neft-qaz yataqlarının işlənməsi, neftçıxarma əmsalının artırılması, qeyri-ənənəvi neft və qazın hasil edilməsi, ətraf mühitin mühafizəsi məsələləri haqqında geniş məlumat verib.
Naibə QURBANOVA