7 Avqust 2014 10:54
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

Dünən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhə xəttində olub. Ağdam rayonundakı “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun əsgər və zabit heyəti ilə görüşüb.
Səfər zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Daha sonra müdafiə naziri yaranmış hərbi şərait barədə dövlət başçısını məlumatlandırıb. Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Səfər çərçivəsində İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Cənab İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Daha sonra Prezident Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib. Yeni qəsəbə barədə Prezidentə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib: “Qəsəbəyə Ağdam rayonunun ”Dörd yol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb".

Prezident köçkünlərlə görüşdü

Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb. Sonra Prezident İlham Əliyev qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub. Dövlətimizin başçısı məktəbin ərazisində nümayiş etdirilən “Çövkan” oyununa tamaşa edib.

Sonra dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Qəsəbə sakinləri - ikinci qrup Qarabağ müharibəsi əlili, “Azərbaycan Bayrağı” ordenli Baxşeyiş Hətəmli və şəhid anası Məryəm Cəfərova göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə məcburi köçkünlər adından minnətdarlıqlarını bildiriblər.

“İtkilərinin statistikasını apara bilmirlər”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə bəyan edib ki, erməni tərəfinin xeyli itkiləri var: “Biz şübhəsiz ki, onları saymır, statistikasını heç vaxt aparmırıq. Çünki bu barədə ən dəqiq məlumatı onların özləri bilir. Yəqin ermənilərin itkiləri o qədər çoxdur ki, artıq onun statistikasını da apara bilmirlər. Onlar artıq bilmirlər ki, ölən və yaralananlarının olduğunu necə və harada gizlətsinlər, faktları necə ört-basdır etsinlər. Ona görə də məcburdurlar ki, heç bir əsası olmayan bəyanatlarla çıxış etsinlər”.

V.Dərgahlı Azərbaycanın Müdafiə Nazirliyi adından bir daha bəyan edib ki, son günlər cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistanın, daha doğrusu, İrəvanın hərbi-siyası rejiminin üzərinə düşür: “Çünki həm Dağlıq Qarabağ ərazisində, həm Azərbaycan-Ermənistan sərhədi boyu yerləşdirilmiş Ermənistanın işğalçı silahlı qüvvələri daim Azərbaycanın mülki əhalisini, yaşayış məntəqələrini atəşə məruz qoyur. Mülki əhali arasında yaralananlar və itkilər olur. Bundan əlavə, Ermənistanın kəşfiyyat-təxribat qrupları Azərbaycanın cəbhənin ön xətlərində yerləşən postlarına hücum etməyə cəhdlər göstərirlər. Hər dəfə də hücum edərkən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əvvəlcədən aşkar edilir, qarşısı alınır və geri çəkilməyə məcbur edilir. İyulun 31-dən etibarən başlamış son gərginlik dövründə isə Azərbaycan Ordusu 13 şəhid verib və onların hər biri də müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən təltif olunub”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Ermənistan tərəfindən belə bəyanatlarla yalnız müdafiə nazirinin çıxış edərək canfəşanlıq etməsi böyük maraq doğurur: “Çünki bu hadisələrin hamısı məhz onun günahları ucbatındandır. Ona görə də məsuliyyəti digərlərinin, konkret olaraq Azərbaycan tərəfinin üzərinə atmaq istəyir. Bununla özünə bəraət qazandırmağa çalışır. Amma nəticədə özü öz sayıqlamalarının içində boğulur. Çünki bütün bunlar onun öz səhvidir və buna görə öz milləti qarşısında cavab verməlidir. Bu cinayətkarın Xocalı faciəsində, 90-cı illərin əvvəllərində baş vermiş qanlı olaylar vaxtı azərbaycanlıların qanına bulaşmış əlləri əvvəl-axır elə onun özünü çirkabda batıracaq, sonuna çıxacaq”.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü hesab edir ki, məsələyə beynəlxalq ictimaiyyət dərhal reaksiya verməli və işğalçını öz adı ilə bəyan etməlidir: “İşğalçı indinin işğalçısı deyil. Artıq neçə illərdir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Məhz Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub, dünya tərəfindən tanınmış sərhədləri təcavüzə məruz qalıb. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu məsələyə qarışmalı və işğalçının kimliyini açıq-aydın bəyan etməlidir”.

“Dərhal məhv ediləcəklər”

Düşmən tərəfinin bir sıra kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatlarla bağlı isə dünən Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır: “Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən, işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək. Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verərdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəkdir”.

“Ermənistana təzyiq edilməlidir”

Cəbhədəki son hadisələrə münasibət bildirən politoloq Sədrəddin Soltan qeyd etdi ki, informasiya müharibəsi getdiyi üçün konkret fikir bildirmək çətindir. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan tərəfi ədalətli mövqeyini müdafiə etmək və öz ərazi bütövlüyünü qorumaq üçün Ermənistana cavab verməlidir: “Azərbaycanın mövqeyi öz ərazi bütövlüyünü qorumaq baxımından doğrudur. Üstəlik, iyulun 8-9-da prezidentlərin Soçi görüşü qabağı bu hadisənin baş verməsi Ermənistan tərəfindən atılmış addım ola bilər. Bu, ondan qaynaqlanır ki, Sərkisyan Prezident İlham Əliyevlə görüşə üstün tərəf kimi getmək istəyir. Bu baxımdan, cəbhə bölgəsində bu kimi gərginliklər var”.

Politoloq əlavə edib ki, bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər: “Azərbaycan tərəfi, xüsusilə Prezident İlham Əliyev də davamlı surətdə bildirir ki, torpaqların işğaldan azad olunması danışıqlar yolu ilə həll olunmazsa, ölkəmiz silahlı yolu istisna eləmir. Dünya birliyi Ermənistana təzyiq etməlidir. Amma bu məsələdə dünyanın gözü kordur. Hesab edirlər ki, guya erməniyə cavab verilirsə, Azərbaycan tərəfi müharibə edə bilər. Həmçinin enerji daşıyıcıları məsələsi bu məqamda diqqət mərkəzində olur. Bir sıra dövlətlər hesab edirlər ki, Azərbaycan müharibəyə başlasa, həmin enerji layihələri ciddi zərbə altında qala bilər”.

“Dünya dövlətlərinin mövqeyi düzgün deyil”

Politoloq Fərhad Mehdiyev isə bildirdi ki, bir çox dövlətlər, beynəlxalq təşkilatların bəyanatları birtərəfli qaydada Azərbaycana təzyiq vasitəsidir. Onun sözlərinə görə, ən azından bu bəyanatlarda atəşkəsə çağırışla yanaşı, BMT-nin 4 qətnaməsini yada salaraq erməniləri işğal etdiyi torpaqlardan geri çəkilməyə dəvət etməli idilər: “Biz bilirik ki, Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, danışıqlar prosesinin dayanmasının tək səbəbi Ermənistanın işğalçı mövqeyindən əl çəkməyərək, işğal edilmiş əraziləri boşaltmamasıdır. Həqiqətən də, vəziyyət belədir”.

F.Mehdiyevin sözlərinə görə, son atəşkəs pozuntusu hadisəsinə baxdıqda görürük ki, şəhid olan əsgərlərimizin yaşı 18-19-dur: “Bunların meyitləri ailələrinə təhvil verilib. Amma hadisəyə nəzər saldıqda görürük ki, həqiqətən də, ermənilər Azərbaycan tərəfinin postlarına hücum edib, çünki diversantların yaşı 18 olmur. Zənnimcə, bundan irəli gələrək Azərbaycan adekvat addım atmalıdır ki, hadisə yenidən təkrarlanmasın. İstər beynəlxalq təşkilatların, istərsə də söz sahibi olan dövlətlərin bu məsələdə mövqeyi düzgün deyil. Çünki, cəbhədə baş verən son hadisələr Azərbaycan-Ermənistan sərhədində deyil, məhz dövlətimizin işğal olunmuş torpaqlarında baş verib. Ona görə də dünya tərəfindən bizə ünvanlanan bəyanatlarda mütləq Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılması məsələsi öz əksini tapmalıdır”.

BƏXTİYAR


Müəllif: