20 Sentyabr 2014 11:39
2 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi tamam olur. 1994-cü ilin məhz bu günü Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda ”Azəri", “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 13 ən iri neft şirkəti arasında saziş imzalanıb. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da Azərbaycanın neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə başlanılıb. “Əsrin müqaviləsi”nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. Bu, gələcəkdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

“Hyustonda danışıqlar dayandırılsaydı, biz 7-8 il gözləməli olacaqdıq”

Bu tarixi hadisənin şahidlərindən və iştirakçılarından biri - ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ keçmiş SSRİ dövründə - ötən əsrin 80-ci illərinin sonlarında meydana gəlmişdi: “Lakin bu sahədə danışıqlar başa çatdırılmamışdı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən respublikanın sükanı arxasına keçdikdən sonra bu işi sürətləndirdi. Bakıda başlanan danışıqlar İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi milli lider tərəfindən müəyyən olunmuş nümayəndə heyəti (onun üzvlərindən biri də mən idim) 1994-cü ilin iyulunda Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə razılığa gəlib Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ ulu öndər Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt ARDNŞ-in xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə ulu öndərə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə isə danışıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. Yadımdadır ki, o vaxt mən ”Yunokal" şirkətində oldum. Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub mürəkkəb vəziyyətlərdən çıxış yolları tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində Azəri-Çiraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın səkkiz ölkəsinin 13 məşhur neft şirkəti ilə sonralar tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Hasilatın pay bölgüsü” sazişi imzalandı".
“Əsrin müqaviləsi” olmasaydı, Azərbaycanın bugünkü inkişafı da olmazdı"

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, “Əsrin müqaviləsi”nin, ardınca da digər neft müqavilələrinin imzalanması hələ 1990-cı illərin əvvəllərindən gündəmdə olub. Onun sözlərinə görə, bu məqsədlə əvvəlki hökumət Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçeri Azərbaycana səfərə dəvət edib. Ancaq müəyyən hazırlıqlara baxmayaraq bu müqavilə imzalanmayıb: “Amma ulu öndər Heydər Əliyev hakmiyyətə gələndən sonra - 1994-cü il sentyabrın 20-də bu müqavilə imzalandı. Bu müqavilə Azərbaycan tarixində həm iqtisadi, həm də siyasi cəhətdən çox böyük əhəmiyyət kəsb edən bir müqavilədir. Hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün bu müqavilənin çox böyük əhəmiyyəti olub. Yəni, iri şirkətlər, iri dövlətlər Azərbaycana daxil oldu. Böyük dövlətlər Azərbaycandakı maraq dairəsini qoruyub saxlamaq üçün dövlət çevrilişinə, təlatümlərə imkan vermədilər”.

Müsahibimiz qeyd edib ki, bu müqavilədən sonra Azərbaycan xarici şirkətlərlə 30-a yaxın müqavilə imzalayıb. Amma 1994-cü ilin sentyabrın 20-də imzalanan müqavilə əsas müqavilədir.

V.Əhmədov qeyd edib ki, 2013-cü ilin dekabrında imzalanan TANAP-TAP layihəsi “XXI əsrin müqaviləsi” hesab oluna bilər: “Sabah (bu gün-S.Həmid) bu layihənin təməlqoyma mərasimi keçiriləcək. Əgər ”Əsrin müqaviləsi" olmasaydı, bu gün Azərbaycandakı inkişaf olmazdı. Azərbaycana iri şirkətlər tərəfindən 100 milyardlarla dollar investisiya qoyuldu. Dövlətlər arxayın oldular ki, Azərbaycanda iqtisadi, siyasi sabitlik var. “Əsrin müqaviləsi” sayəsində Azərbaycanda bank sistemi inkişaf etdi. Məhz “Əsrin müqaviləsi”ndən gələn gəlirlər hesabına Azərbaycan qeyri-neft sektorunun inkişafına, səhiyyəyə, təhsilə diqqət yetirdi, sosial layihələr həyata keçirdi".

“Bu layihənin reallaşması Avropanın Rusiyadan asılılığını azaldacaq”

Onu da bildirək ki, bu gün Heydər Əliyev Mərkəzində Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin başlanılması və eləcə də, “Əsrin Müqaviləsinin” 20 illiyi ilə bağlı tədbir keçiriləcək. Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən tədbirə region və Avropanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları qatılacaq. Tədbirdə iştirak edəcək iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, onun iştirakı qürurverici olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz qaz kəməri ilə bağlı tarixi günün şahidi olmaq imkanı deməkdir.

“Bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzunmüddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın ”Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. “Şahdəniz” yatağının ikinci fazasının mavi qazının Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bueyni zamanda, Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcək. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması, eyni zamanda, hasilatın pay bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə o deməkdir ki, bu anlaşma mərhələli olaraq Azərbaycan neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir", deyə - V.Bayramov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi: “Praktik olaraq, ölkəmiz Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət oldu. Avropa Birliyinin Türkmənistanla apardığı uzun sürən danışıqlara baxmayaraq Cənub Qaz Dəhlizində Aşqabadın iştirakına nail olmaq mümkün olmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın reallaşmasına nəinki töhfə verdi, hətta birbaşa iştirak etdi. Ölkəmizin müstəqil qərarı, eyni zamanda, Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər. Bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, ”Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan yararlanan ölkə olacaq. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də, cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək".

V.Bayramov hesab edir ki, bütövlükdə, təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr olmaqla Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır: “Hazırkı imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər