18 Oktyabr 2014 10:37
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan xalqı və dövləti üçün ən əziz, ən unudulmaz günlərdən biridir. Düz 23 il bundan əvvəl, 1991-ci ilin oktyabrın 18-də keçirilmiş Azərbaycan SSR Ali Sovetinin tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilib.

Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini - bütün təbii sərvətlərin xalqa məxsus olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Daha sonra isə dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi. Azərbaycan dünya dövlətləri tərəfindən tanındı, BMT və ATƏT-ə üzv qəbul olundu.

Qeyd edək ki, bundan daha öncə - 1991-ci ilin martın 7-də Azərbaycan Ali Soveti Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamasına dair referendum keçirilməsinin lehinə səs verib. Ali Sovetin 350 deputatından cəmi 43-ü, o cümlədən milli lider Heydər Əliyev referendumun keçirilməsinin əleyhinə çıxıb, Azərbaycanın müstəqilliyinin lehinə səs verib.

“Bu insanlar Azərbaycanı müstəqil görmək istədi”

Bu gün cəmiyyətdə haqlı olaraq istiqlalçı deputatlar kimi tanınan həmin şəxslərdən biri - Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, tarix elmləri doktoru, professor Hacıbaba Əzimov bildirib ki, hazırda bəziləri “SSRİ dağıldı, Azərbaycan müstəqil oldu” fikrini qabardırlar:

“Bu, Azərbaycan xalqına və onun azadlıq, müstəqillik uğrunda mübarizəsinə həqarətdir. Həmin fikri söyləyənlər 1988-89-cu illərdə Azadlıq meydanındakı xalq hərəkatını yada salsın. O mitinqlərdə müstəqilliklə bağlı çox gözəl fikirlər səsləndirilirdi və tələblər qoyulurdu. 20 Yanvar şəhidləri ilə bağlı televiziyada, mətbuatda onların Azərbaycanın müstəqilliyi uğrunda şəhid olduğunu bildirirdilər. 1990-cı ilin axırında biz Müstəqil Azərbaycan Deputat Bloku - ”Demblok" yaratdıq və o vaxtdan etibarən müstəqilliyimiz üçün aramsız mübarizə aparmağa başladıq. İlk dəfə 350 deputatdan 43-ü SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinin əleyhinə səs verdi. Yəni, bu insanlar Azərbaycanı müstəqil görmək istədi və buna səs verdi. Ancaq hələ məsələni həll olunmuş saymaq olmazdı, mübarizə davam edirdi. Nəhayət, 1991-ci ilin avqustun 30-da Ali Sovetdə “Azərbaycanın dövlət suverenliyinin bərpası haqqında” Bəyannamə qəbul olundu. Amma bu bəyannamə gözdən pərdə asmaq üçün idi. Orda cəmi 3-4 prinsip yazılmışdı və müstəqilliyə təminat verən prinsiplər, maddələr əksini tapmamışdı. Adi bəyannamə, daha doğrusu bəyanat idi. Biz bununla razılaşmadıq, mübarizəni davam etdirdik. Əlbəttə, xalq bizə parlamentdən kənarda dəstək verirdi, xalq hərəkatı çox güclü idi. Hətta, o vaxtkı Ali Sovetin, indiki Milli Məclisin binasını insanlar mühasirəyə alır, tələblər qoyurdular, müstəqilliyin elan olunmasını istəyirdilər. “Demblok” da Ali Sovetdə çox ciddi iş aparırdı".

“SSRİ dağılmasaydı, bizi güllələyəcəkdilər”

H.Əzimov imperiyanın bütün strukturlarının hələ tam gücü ilə işlədiyini və üzləşdikləri çətinliklərdən də bəhs edib: “Biz sözün həqiqi mənasında meydana kəfən geyib girmişdik. Bizim başımıza istənilən oyunu aça, bizləri öldürə bilərdilər. Əgər sonra SSRİ dağılmasaydı, bizim hamımızı, ilk növbədə də məni güllələyəcəkdilər. Ona görə ki, 1991-ci ilik oktyabrın əvvəllərində Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi gündəmə gəldi. Mən komissiyanın sədri oldum və o aktın əsasa maddələrini mən yazmışam və çıxıb Ali Sovetin tribunasında iki gün - oktyabrın 17-18-də həmin maddələri və ümumiyyətlə aktı əsaslandırıb keçirməyə nail olmuşam. İki gün çox gərgin mübarizə gedib. Çünki bir sıra maddələr var idi ki, onları kommunist əksəriyyəti olan deputatlar qəbul etmirdilər və çəkinirdilər. Məsələn, birinci maddədə ”XI ordu Azərbaycanı işğal edib" sözləri var idi. Halbuki, indiki 20 Yanvar metrosu yaxınlığında həmin orduya böyük abidə qoyulmuşdu. Yaxud da SSRİ-nin yaranması ilə bağlı 1922-ci il 30 dekabr tarixli müqavilənin qüvvədən düşmüş hesab edilməsi sözlərinə kommunistlər səs vermək istəmirdilər. Çünki hələ SSRİ yaşayırdı. Mən həmin ordunun Azərbaycanı işğal etməsini əsaslandırdım və bu sənədi qəbul etdirdik. Özümü tərifləmək istəmirəm, bu iş mənim boynuma düşdü. Mən siyasi tarixçiyəm, bu məsələləri əsaslandırdım, deputatları inandırdım və onlar nəhayət, səs verdilər".

“Yüz nəfər qorxudan iclasa gəlmədi”

Müsahibimiz qeyd edib ki, Ali Sovetin xüsusən oktyabrın 18-də keçirilən iclasına 100 nəfərədək deputat ümumiyyətlə gəlməmişdi: “Cəmi 258 nəfər gəldi, onlardan da bəziləri bir-iki maddəyə bitərəf qalıb etiraz etdilər. Amma axırda bütövlükdə səsverməyə qoyulanda 258 adamın hamısı yekdilliklə müstəqilliyimizin lehinə səs verdi. Yəni, hətta kommunist olsalar da, onlar hamısı zalda ayaqüstə qalxıb müstəqilliyimizi, aktın qəbulunu alqışladılar və deputatların çoxunun gözündə yaş var idi. Bu, sevinc göz yaşları idi. O qorxanların da gözündə yaş var idi. Çünki qorxsalar da, səs verdilər və gördülər ki, biz bunu reallaşdırdıq. Bundan sonra dövlətlər bir-birinin ardınca Azərbaycanın müstəqilliyini tanımağa başladılar və BMT-yə üzv olduq. Azərbaycan xalqı müstəqil xalq kimi müstəqil dövlətdə yaşamaq haqqını nəhayət ki, qazandı”.

“Gərək bu gün qeyri-iş günü olsun”

H.Əzimov 18 oktyabrın qeyri-iş gün olmasını ürəkdən arzuladığını bildirb: “”18 oktyabr"ın “Dövlət müstəqilliyi günü” dövlət bayramı statusu olsa da, Milli Məclisin 8 dekabr 2006-cı il tarixli qərarı ilə iş günü edilib. Halbuki, belə olmamalıdır. Buna görə mən dəfələrlə rəsmi məktubla aidiyyatı orqanları zəruri tədbirlər görməyə çağırmışam. Lakin bu çağırışların müsbət nəticəsi olmayıb. Halbuki, cənab prezident İlham Əliyev də dəfələrlə müstəqilliyin Azərbaycan xalqının ən böyük nailiyyəti, ən böyük sərvəti olduğunu deyib. Bu yaxınlarda da cənab prezident dedi ki, biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq".

“Müstəqil dövlətimiz bu gün etibarlı əllərdədir”

AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov isə bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulunun Azərbaycanın müasir tarixində xüsusi yer var: “Qeyd etmək lazımdır ki, 18 oktyabra gedən yol çox ağır bir tarixdir. Çünki həmin dövrdə Azərbaycanda mürəkkəb proseslər baş verirdi. Respublika dağıdılmış, viran edilmiş, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı. Xüsusilə, 1988-ci ildə keçmiş SSRİ mərkəzi hakimiyyətinin dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları qaldıran Ermənistan həmin ilin fevral ayından 1991-ci ilin dekabrına qədər xalqımıza qarşı qanlı cinayətlər törətdilər. Belə ki, Qərbi Azərbaycan torpaqlarından bütün azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar və deportasiya edildilər. Amma soyqırımı cinayətləri, 1990-ci ildə törədilən 20 Yanvar faciəsi, keçmiş SSRİ mərkəzi hakimiyyətinin və onların əlaltısı olan ermənilərin qanlı əməlləri xalqımızı azadlıq yolundan döndərə bilmədi. Beləliklə, müstəqilliyimizin bərpası tökülən qanlar hesabına əldə olundu. Biz 30 min nəfərdən çox şəhid vermişik, 945 yaşayış məntəqəmiz işğalçılar tərəfindən məhv edilib, ekologiyamıza ağır zərbə vurulub, ərazilərimiz talan edilib. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların sayı 1 milyon 500 min nəfərə çatıb”.

C.Bəhramov qeyd edib ki, heç şübhəsiz 18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı mühüm sənəddir: “Belə ki, bu sənəd Azərbaycanın müstəqilliyinin bərpasını özündə ehtiva edir. Eyni zamanda, bununla 1918-1920-ci ildə mövcud olmuş müstəqil dövlətimiz yenidən bərpa olundu. Konstitusiya Aktında da vurğulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Beləliklə, xalqımız vaxtilə süqut etmiş dövlət müstəqilliymizi bərpa etdi. Əminliklə demək olar ki, müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər