“Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?”
Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24" informasiya telekanalına verdiyi müsahibənin mətni açıqlanıb. Qeyd edək ki, dövlət başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda multikulturalizm ənənələri, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.
“Ermənistan sülh istəmir”
Prezident İlham Əliyev təəssüflə bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmirik. Dövlət başçısı qeyd edib ki, səbəb olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin saxlanmasını, necə var elə də qalmasını istəyirlər".
Azərbaycan Prezidenti qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr olduğu ölkələrin prezidentləri dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər: “Status-kvo dəyişilməlidir. Status-kvonun dəyişilməsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi deməkdir, hansı ki, bu, nizamlanma prosesinin əsas şərtidir”.
Dövlət başçısı münaqişənin postsovet məkanında olan digər münaqişələrdən fərqli olduğunu söyləyib: “Bu fərq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnaməsi mövcuddur. Bir deyil, 4 qətnamə var. Hansı ki, bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və şərtsiz çıxmasının tələb edildiyi yazılıb. Lakin bu qətnamələrə 20 ildən çoxdur ki, əməl olunmur. Təəssüflər olsun ki, bu qətnamələrin həyata keçirilməsini təmin edən mexanizm də yoxdur. Ermənistan, sadəcə olaraq, bunu rədd edir. Bu qətnamələr münaqişənin nizamlanmasının əsasını təşkil etməlidir. Ona görə ki, başqa cür ola bilməz”.
İlham Əliyevi bu il danışıqlar prosesində keçən illərlə müqayisədə daha da intensivlik müşahidə olunduğunu söyləyib: “Həmsədr ölkələr, prezidentlər səviyyəsində danışıqlar prosesində aktiv iştirak ediblər. İndiyə kimi heç vaxt belə olmamışdı. Avqust ayında Vladimir Putinlə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında ABŞ dövlət katibi Con Kerri bizimlə analoji görüş keçirdi. Oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət elədi, bizimlə ikitərəfli və üçtərəfli müzakirə aparıldı. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində mövzulardan biri də inam mühitinin möhkəmləndirilməsinə aid idi, hansı ki, qoşunların təmas xəttində itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü müsbət qiymətləndirdilər. Düz iki həftə sonra isə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də deyil, məhz Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və mindən çox hərbi texnika iştirak edib. Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?”
Azərbaycan prezidenti beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: “Bu gün dünyada baş verənlər beynəlxalq institutların öhdələrinə düşən vəzifələri yerinə yetirməyi bacarmadıqlarını və onlara olan ümidləri doğrultmadıqlarını nümayiş etdirir. Bu bizimlə bağlı olan vəziyyətə də aiddir. 20 ildir ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. Bundan başqa, məsələ BMT-nin kompitensiyasına aiddir. Prinsipcə, dünyada beynəlxalq institutların deformasiyası gedir. Bu, çox təhlükəli və narahatedici vəziyyətdir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri bu barədə öz sözlərini aydın deməlidirlər. Özü də tək bəyanatlarla deyil, qəbul edilən qərarlara hörmət edərək”.
“Bizim aramızda həll olunmayan məsələ və problem mövcud deyil”
“Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və bütün sahələri əhatə edir. Bizim aramızda həll olunmayan məsələ və problem mövcud deyil. Bütün görüşlərdə münasibətləri, əməkdaşlıq potensialını daha da möhkəmləndirməyin və inkişaf etdirməyin yollarını müzakirə edirik”.
Prezident Azərbaycanla Rusiyanın iki qonşu və dost ölkə olduğunu və münasibətlərin inkişaf etdiyini bildirib: “Bizim neft-qaz və nəqliyyat sahəsində yaxşı potensialımız var. Şimal-Cənub nəqliyyat dəhlizinin işində də maraqlıyıq. Rusiya bazarına kənd təsərrüfatı məhsullarının ixracı potensialını möhkəmləndiririk”.
Prezident qeyd edib ki, turizm sahəsində də yaxşı perspektiv mövcuddur: “Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayının ildən, ilə artdığını görürük. Əlbəttə ki, mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq edirik. Bu bizim münasibətlərin əsasını təşkil edir. Məşhur Rusiya kollektivləri tez-tez Bakıya qastrola gəlir”.
Prezident deyib ki, Azərbaycan Rusiya bazarına fəal investisiya qoymaqda davam edəcək: “Biz, Rusiyanın bank sektoruna sərmayə qoymuşuq, VTB bankının aksiyalarını əldə etmişik, o cumlədən daşınmaz əmlak almışıq. Ona görə də, bizim üçün Rusiya bazarı perspektivlidir və bu bazara fəal investisiya qoymaqda davam edəcəyik”.
Prezident qeyd edib ki, Azərbaycan Rusiyanın da eynilə ölkəmizə investisiya yatırmasında maraqlıdır.
“Yaxşı və ya pis terrorçu yoxdur”
Azərbaycan dövlətinin başçısı İŞİD terrorçu qruplaşmasının yaratdığı təhlükələr barədə jurnalistin ünvanladığı suala da cavab verib: “Bu il İŞİD qruplaşması ortaya çıxdı. Bu, son on ildə Yaxın Şərqdə baş verənlərin nəticəsidir. Bu, sübut edir ki, radikal qruplara dəstək məsələsində ehtiyatlı olmaq lazımdır. Pis və ya yaxşı terrorçu yoxdur”.
Prezident İlham Əliyev, həmçinin Azərbaycanın birinci Avropa Oyunlarına hazırlığı və yeni inşa olunan idman obyektləri barədə də məlumatlar verib.
Səxavət HƏMİD