Müasir dövrdə korrupsiya cəmiyyətin inkişafını əngəlləyən ən mühüm problemlərdən biridir. Sevindirici haldır ki, bu gün Azərbaycanda dövlət səviyyəsində bu problemə qarşı mübarizə aparılır. Əminliklə demək olar ki, hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizə aparılması üçün siyasi iradə mövcuddur.
Onlarla korrupsiya faktı sadalamaq olar ki, qarşısı alınıb, yaxud korrupsiya faktına görə cinayət işi başlanıb. Xüsusilə, son illərdə bu problemə qarşı mübarizənin səmərəliliyi xeyli artırılıb.
Əlbəttə, yenicə müstəqillik qazanmış bir ölkənin korrupsiyaya qarşı apardığı mübarizə vaxtaşırı olaraq bu bəla üzrə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Ancaq dünyanın bir qisim ölkələri də var ki, onlar öz ölkələrində olan korrupsiyanı görməməzlikdən gəlib daim bununla mübarizə apardıqlarını bəyan edir və əsassız olaraq Azərbaycan kimi ölkələri korrupsiyada ittiham edirlər. Gəlin, həmin ölkələrin bəzilərindəki korrupsiya faktlarının kiçik bir qismi ilə tanış olaq.
ABŞ
ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki bu barədə də susmağa üstünlük verilib. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.
Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Bəzən belə faktlar siyasi intriqalar üzündən açıqlanır. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən prezdent Buşa (kiçik) gedib çıxmışdı. Dünyaya “ağıl verən” ölkə olan ABŞ-da korrupsiya ilə bağlı yetərincə fakt var.
Nyu-Cersi ştatının senatoru, məşhur ermənipərəst siyasətçi Robert Menendez bu günlərdə cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur.
Avropa polisinin avrorüşvəti
Avropa İttifaqının Antikorrupsiya Agentliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb: “Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir”.
OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradır: “Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.
Aİ ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, “söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. Bu, həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”.
Almaniya
Bu günlərdə Almaniyanın Hannover məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub: “Bayerişer Nof” hotelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin mehmanxanada yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində K.Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da “xidməti vəzifəsindən sui-istifadə edərək qazanıb”. Almaniyanın sabiq prezidentini və həmin biznesmeni 3 ilədək azdlıqdan məhrumetmə cəzası, yaxud böyük məbləğdə pul cəriməsi gözləyir. Xatırladaq ki, Vulf 2012-ci ilin fevralında vəzifəsindən istefa verməyə məcbur olub.
Fransa
Fransada büdcə işləri üzrə nazir Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq burada 600 min avro toplayıb. Bunu uzun zaman gizli saxlaya bilən nazir, nəhayət, 2013-cü ildə istefa verməyə məcbur olub.
Qeyd edək ki, Kayuzak hələ 2012-ci ildə “Mediapart” internet saytı tərəfindən ortaya çıxarılan İsveçrədəki bank hesablarını təkzib etsə də, sonradan qəbul etməyə məcbur qalmışdı.
Səxavət HƏMİD