Bağlanış mərasimi xoş təəssüratlar doğurub
Artıq tarixə qovuşmuş İlk Avropa Oyunlarının açılış mərasimi kimi bağlanış mərasimi də özünün möhtəşəmliyi ilə seçildi. Oyunların bağlanış mərasiminə dünyanın aparıcı media orqanlarının göstərdiyi marağı da bununla izah etmək olar. Mərasimlə bağlı öz fikirlərini bölüşən tanınmış şəxslər də bunu təsdiqləyirlər.
"Bağlanış mərasimi möhtəşəm, təkrarolunmaz, hamını heyran qoyan bir səviyyədə keçirildi"
İlk Avropa Oyunlarının bağlanış mərasimini şərh edən Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, dünyanın idman tarixində ilk dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. O qeyd edib ki, açılış mərasimindən başlamış bağlanış mərasiminə qədər 17 gün ərzində dünyanın bütün qitələrində - hər yerdə yüz milyonlarla tamaşaçı əsl idman bayramının şahidi oldu: "Bağlanış mərasimi açılış mərasimindən də möhtəşəm, təkrarolunmaz, hamını heyran qoyan bir səviyyədə keçirildi. Açılış mərasimi Azərbaycanın tarixini, milli-mənəvi dəyərlərini, mədəniyyətini əks etdirən kompozisiyalardan ibarət idisə, bağlanış mərasimi Azərbaycanın müasir dövrünü, dinamik inkişafını, gələcəyini əks etdirən orijinal, hələ uzun müddət yaddaşlardan silinməyəcək möhtəşəm bir tədbir kimi tarixdə qalacaq".
R.Əliyev bildirib ki, Azərbaycan həm bu idman bayramının təşkilatçısı kimi, həm də idmançılarımızın 50 iştirakçı dövlət arasında əldə etdiyi möhtəşəm tarixi qələbələrlə dünyada özünü bir daha idman ölkəsi kimi təsdiq etdi: "Avropa qitəsi ilə Asiya qitəsinin kəsişməsində yerləşən, şərq dəyərləri ilə yaşayan, eyni zamanda, mütərəqqi qərb dəyərlərini qəbul etmiş bir xalq, dövlət kimi Azərbaycan bütün dünyaya Azərbaycan xalqının sülhsevər, mehriban, qonaqpərvər, tolerant, yüksək mədəni-mənəvi dəyərlərə malik bir xalq olduğunu nümayiş etdirdi".
Millət vəkili vurğulayıb ki, əldə olunmuş bu zəfərin arxasında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə son illər dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilən Azərbaycan dayanır: "Ulu Öndər Heydər Əliyev demişdi: "Azərbaycan dünyaya günəş kimi doğacaq". Artıq o gün gəlib, Azərbaycan dünyaya günəş kimi parlayır".
"Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu"
"Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi böyük idman tədbirinə layiqli final oldu".
Bunu isə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bağlanış mərasimini şərh edərkən deyib.
Diplomat bildirib ki, açılış mərasimi kimi bağlanış mərasimi də olimpiadaya layiq tədbirlər oldu: "Azərbaycan bütün dünyaya sübut etdi ki, I Avropa Oyunları kimi böyük miqyaslı tədbiri nəinki qəbul etmək, həmçinin uğurla keçirə bilər. İdman arenaları, idman yarışlarının təşkili, açılış və bağlanış mərasimləri Azərbaycanın uğurları və idman nailiyyətlərini nümayiş etdirdi".
"Azərbaycan möhtəşəm beynəlxalq tədbir keçirdi"
"İlk Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirildi. Bu tədbir Azərbaycan üçün böyük bayram oldu". Bunu isə özünün "Facebook" səhifəsində Rusiya İctimai Palatasının nümayəndəsi, politoloq Sergey Markov yazıb.
"Bakı-2015"-də Rusiya birinci, Azərbaycan ikinci, Britaniya isə üçüncü yer tutdu. Rusiya üçün bu, dost bayramı idi. Ona görə Rusiya bu yarışlara ən böyük və peşəkar heyətlə qatılmışdı. Azərbaycan möhtəşəm beynəlxalq tədbir keçirdi. Bu baza ilə digər beynəlxalq tədbirləri keçirmək mümkündür. Bakı Avrasiyanın kəsişmə nöqtəsi kimi mövqelərini möhkəmləndirməklə yanaşı, təbii ki, turizm potensialını da inkişaf etdirəcək. Milyonlarla insan Bakıya gedəcək, Azərbaycan mətbəxinin dadına baxacaq, Xəzər dənizinə yollanacaq".
"Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi"
"Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi". Bunu bəyan edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç daha sonra deyib: "Biz təsirli və həyəcanverici bağlanış mərasiminə şahid olduq. Nəhayət, Avropanın öz idman Oyunları var və bu tədbiri Azərbaycan təşkil etdi".
N.Patskeviç qeyd edib ki, Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi möhtəşəm idman bayramı olub: "Parlaq şou və möhtəşəm təşkilat - Azərbaycanın dinamik inkişafının daha bir sübutudur. Əsl idman dostluq, mehribanlıq və qarşılıqlı anlayış ideallarının dünyasında təsdiq amillərindən biridir. Məhz buna görə I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı bütün bu yüksək idealları öz qəlbində daşıyır".
Diplomatın sözlərinə görə, "Bakı-2015" I Avropa Oyunları növbəti Oyunların ev sahibləri üçün yüksək planka müəyyənləşdirib.
O həmçinin əlavə edib ki, idman tədbirinin yüksək statusunu açılış mərasimində 50 Avropa ölkəsinin yüksək vəzifəli nümayəndələrinin, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirak etməsi sübut edir.
SƏXAVƏT