Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunun və pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 21 yaşlı Ə.Əlvəndov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonu ərazisində də analoji hadisə baş verib. Rayon ərazisində yerləşən kafelərin birində naməlum şəxslər bir nəfəri kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçiriblər. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı Q.Hüseynov və 31 yaşlı P.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.