27 Yanvar 15:12
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən, 2015-ci ildən fəaliyyət göstərən Qafqazşünaslıq İnstitutu ləğv edilib. Rəyasət Heyəti 18 nəfərin çalışdığı qurumun saxlanılmasını məqsədəuyğun saymayıb.

Qərar sosial şəbəkələrdə və ictimai rəydə müxtəlif suallar doğurub.

Teleqraf.com məsələ ilə bağlı fəaliyyəti dayandırılan Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra etmiş Ramilə Dadaşovanın fikirlərini öyrənmək istəyib.

Ramilə Dadaşova bu barədə hər hansı şərh vermək istəmədiyini deyib: "Oldu, keçdi. Rəhbərlik qərar verdi, ona uyğun müvafiq addım atıldı".

İnstitutun elmi işlər üzrə direktor müavini Südabə Hüseynova bildirib ki, bu haqda danışmaq səlahiyyətləri çərçivəsində deyil:

"Yalnız onu qeyd edə bilərəm ki, kimsə işsiz qalmayıb. Həmçinin bu illər ərzində qarşımıza qoyduğumuz məqsədlərə nail olmuşuq. Buna kimsə şübhə edə bilməz".

Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev sözügedən qərarın verilmə səbəblərini açıqlayıb:

"İki ay idi bu mövzu ilə bağlı məsləhətləşmə aparılırdı. Qafqazşünaslıq İnstitutunun sabiq rəhbəri Musa Qasımlı Milli Məclisin sədr müavini təyin olunduqdan sonra müəyyən boşluqlar yarandı. Düzdür, Ramilə xanım direktor əvəzi təyin edilmişdi. Güman edilirdi ki, direktor olacaq. Amma məsələ müzakirə edilmədi. Onun işindən razı idik. Lakin sonda məlum qərar verildi. Həm də işçi kontingentimiz az idi. 18 nəfərlə fəaliyyət göstərirdik. Buna görə institutun fəaliyyətinə ehtiyac duyulmadı.

Ramilə Dadaşova, Südabə Hüseynova və Vahid Ömərov istisna, digər şəxslər işlə təmin olundu. AMEA-nın prezidenti İsa Həbibbəyli sözügedən şəxslərin ən qısa zamanda layiq olduqları vəzifəyə təyinat alacaqlarına söz verib. Ramilə Dadaşovanın qərardan narazı olduğuna dair fikrinə gəldikdə isə, ola bilər, hələlik işsizdir, ona görə belə münasibət göstərib. Amma dediyim kimi, bu barədə məsələ qaldırdım və qısa zamanda həll olunacağına zəmanət verdilər".

Professor fəaliyyətlərində hər hansı ləngimənin müşahidə olunmayacağını bildirdi:

"Hər bir üzvümüz işlə təmin olunub. Məsələn, Erməni və Gürcüstanşünaslıq şöbələrində çalışanlar fəaliyyətlərini bundan sonra Fəlsəfə və Sosialogiya İnstitutunda davam etdirəcəklər. Qafqaz tarixi və Şimali Qafqaz araşdırmaları şöbəsinin əməkdaşları Tarix İnstitutunda çalışacaqlar.

Mən 2018-ci ildən Qafqazşünaslıq İnstitutunda işləyirəm. İndiyə qədər verdiyimiz hesabatlarda da uğurlu işimiz öz əksini tapıb. İl ərzində 74-ə qədər yüksək indeksli jurnallarda məqalələrimiz çap olunub. Bəlkə də yeganə qurumuq ki, kiçik heyətlə bu qədər böyük uğura nail olmuşuq. Dediyim kimi, sözügedən qərar bizim alim kimi fəaliyyətimizə mənfi təsir etməyəcək.

Hazırda ən yaxşı təhcizatlarla təmin olunmuşuq. İşçilər eyni maaşı alırlar. Bir sözlə, toplananların yerini dəyişdikdə cəm dəyişmir".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər