19 İyun 2016 14:10
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri davam edir.

Teleqraf.com xəbər verir ki, turnirdə hər üç Azərbaycan boksçusunun rəqibləri artıq müəyyənləşib. Bu gün 81 kiloqram çəkidə mübarizəyə qoşulacaq Teymur Məmmədov rinqə çıxacaq. Onun onaltıdabir finaldakı rəqibi çinli Şi Quojun olacaq. Çin təmsilçisi ilkin mərhələdə tacikistanlı Mexrubon Sanginovu yarışdan kənarlaşdırıb.

Boksçumuz Olimpiadaya yollananlar siyahısına adını yazdırmaq üçün lisenziya qazanmağa çalışacaq. Bunun üçün T.Məmmədov ilk beşliyə düşməyi bacarmalıdır.

Digər atletlərimiz - 75 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq Kamran Şahsuvarlı onaltıdabir finalda Albaniya idmançısı Aryon Kayoşi ilə üz-üzə gələcək. Kayoşi ilkin mərhələdə belçikalı Lay Kalenqa Mişikandan güclü olub. Qarşılaşma iyunun 20-də keçiriləcək.

Eyni gündə rinqə çıxacaq Rüfət Hüseynovun (49 kq) rəqibi isə səkkizdəbir finalda Çin Taypeyi idmançısı Tu Po-Vey olacaq. Tu Po-Vey mərhələ keçmək üçün Dominikan Respublikasından olan boksçu Santilyan Perez Viktor Danieli üstələyib.

Hər üç boksçumuz lisenziya qazana bilsə, Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki dünya çempionatında və bu il Avropa təsnifat turnirində əldə edilib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzinin ev sahibliyi etdiyi lisenziya xarakterli son yarışda Rioya 39 vəsiqə uğrunda 105 ölkədən 469 kişi idmançı mübarizə aparır.


Müəllif:

Oxşar xəbərlər