İdman yarışlarının şahı - olimpiya həyəcanı yaxınlaşır.
5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlara 18 idman növü üzrə 56 idmançı ilə mübarizə aparacaq yığmamız artıq bu ölkəyə yola düşüb.
Komandamızın heyətindəki 36 idmançı ilk dəfə olimpiya həyəcanını yaşayacaq. Azərbaycan 4 növdə - triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində yarışlarda debüt edəcək. Ali yarışda idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və 3 hakim də müşayiət edəcək.Yığma komandamızın Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi isə sabah keçiriləcək. Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı boksçu Teymur Məmmədov olacaq.
Bu yarış barəsində idmançılarımız da fikirlərini bölüşüb.
Toğrul Əsgərov (güləşçi): "4 il bundan öncəki qazandığımız uğurlardan daha artığı ilə vətənə qayıdarıq inşallah. Bütün idmançılara qızıl medal arzu edirəm. Bizim komandamızda bütün idmançılar Avropa, Dünya çempionlarıdır. Bütün idmançılar titulludur. Adi bir idmançı yoxdur".
Rəsul Cunayev (güləşçi): "Biz çalışırıq ki, vətənimizə ən əyarlı medalları gətirək. Bu da qızıl medaldır. Bizə şərait yaradılıb və öhdəmizə düşən odur ki, inşallah qızıl medalı gətirək". (Region TV)