Bu gün “Qarabağ”ın yeni transferi Tarik Elyunussi Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, Elyunussi “Qarabağ”a keçidi haqda öz fikirlərini bölüşüb:
“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rosenborq”u məğlub etdiyi vaxtdan yadımda qalıb.
“Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq, güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.
Qeyd edək ki, Elyunussi Norveç millisinin üzvüdür. Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.