16 Sentyabr 2022 01:44
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çətin rəqibə qarşı oynayırdıq. Oyundan əvvəl bizə desəydilər ki, 3:0 hesablı qələbə qazanacağıq, inanmazdıq. Bu hesabı gözləmirdim, amma komanda olaraq möhtəşəm oynadıq".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Qara Qareyev Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi kompakt şəkildə çıxış etdiklərini bildirib: "Sanki hamımız bir-birimizi dəstəkləyirdik. Fikrimiz bir olanda yaxşı nəticə əldə edə bilirik. Fransanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Ön xəttdə təhlükəli oyunçuları var idi. Hər şey biz istədiyimiz kimi oldu".

Təcrübəli futbolçu bunu karyerasının ən çətin oyunlarından biri adlandırıb: "Bir qarabağlı olaraq belə bir dönəmdə oyunlara hazırlaşmaq mənim üçün xüsusilə çətin idi. İstər ailəm, istərsə də komanda yoldaşlarım mənə motivasiya verə bildilər. Qazandığımız uğur ən birinci əsgərlərimizə, daha sonra azarkeşlərimizə həsr olunur. Nə qədər qələbə qazansaq da, bu, əsgərlərimizin zəfərinə çata bilməz. Qələbəmizin əsgərlərin qazandığı qələbənin yanında kiçik, dəyərsiz olduğunu hesab edirəm".

Qarayev bütün əsgərlərə salam göndərib: "Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ailələrinə səbr arzulayıram. Komandamızda hər kəs bu duyğuları hiss edir. Mənim üçün bu, "Legiya" ilə matçdan sonra olan xüsusi görüş idi. Belə çətin vəziyyətdə sonuncu dəfə həmin oyunda olmuşam. Ümid edirəm ki, belə çətinlikləri bir daha yaşamarıq".

O, sonda azarkeşlərə təşəkkür edib: "Sadəcə möhtəşəm idilər. Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır. Qarşıdakı oyunlarda da hər kəsə xırda sevinc bəxş etmək üçün qalib gəlməyə çalışacağıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər