21 Aprel 2023 12:53
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 4 ildə qitə çempionu ola bilməmişdim. Bu medal üçün çox əziyyət çəkdim. Qələbələrin hamısı böyük zəhmətin bəhrəsidir.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

70 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dördüncü dəfə bu uğura imza atdığı üçün sevincli olduğunu bildirib:

"Güləş tariximizdə belə nailiyyət olmamışdı. Şükürlər olsun ki, bu tarixi yaza bildim".

Əliyev bolqarıstanlı Ramazan Ramazanovla final görüşündə baş verən insidentə də toxunub:

"Güləşdə tez-tez belə hadisələr baş verir. Ciddi bir şey olmadı. Əsas odur ki, görüşdən sonra rəqiblə barışdıq. Hər şey normal keçdi".

Əvvəllər 65 kq-da mübarizə aparan titullu güləşçi çəkisini dəyişmədiyini söyləyib:

"Qarşıda dünya çempionatı var. Məşqçilərlə belə qərara gəldik ki, Avropa çempionatında 65 kq-da güləşməyim, əsas gücümü mundiala saxlayım. Orada həm çempion olmaq, həm də Paris olimpiadasına vəsiqə qazanmaq istəyirəm. Olimpiya Oyunlarından sonra isə idmanla vidalaşacağam".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər