10 Noyabr 2016 16:13
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar dünyada qızılın qiymətində ardıcıl bahalaşma baş verir. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,76 faiz və ya 60,7 dollar bahalaşaraq 1337 dollar, gümüş isə 0,63 dollar bahalaşaraq 18,99 dollara satılıb.

İqtisadçı-ekspert Pərviz Heydərov Teleqraf.com-a qızılın qiymətinin bahalaşmasını şərh edib.

Onun sözlərinə görə, hazırda dünyanın maliyyə və xammal bazarlarında vəziyyət qeyri-müəyyəndir: “Bunun bir neçə səbəbi var. Əvvəla, neftin qiyməti ilə bağlı OPEC-ə üzv və qeyri-üzv ölkələr arasında xeyli müddətdir ki, hasilatın azaldılması yönündə müzakirələr gedir. Yekdil qərara isə gəlmək mümkün olmur ki, olmur. Bir ara müzakirələrin intensevləşməsi səbəbindən qiymətlər 53 dollaradək qalxmışdı. Sonra yenə endi.

İndi bütün nəzərlər bu ayın sonunda Vyanada keçiriləcək görüşə yönəlib.

ABŞ-dakı prezident seçkisi də qeyri-müəyyənlik yaratmışdı, investorlar gözləmə mövqeyindəydilər. Belə şəraitdə qiymətli metalların bahalaşması həmişə labüd olur.

Birincisi, məlum deyil ki, neftin qiyməti yaxında hansı istiqamət üzrə inkişaf edəcək, ikincisi, buna uyğun dolların məzənnəsi necə olacaq, üçüncüsü, dünya iqtisadiyyatında proseslər hansı istiqamətdə inkişaf edəcək... Odur ki, ölkələr öz valyuta ehtiyatlarının strukturunda qızılın həcmini artırmağa üstünlük verirlər.

Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, neftin qiyməti ilə ABŞ dolları və qızılın dəyəri qarşılıqlı əlaqədardır. Birinci bahalaşanda ikinci möhkəmlənir, üçüncü isə dəyərsizləşir, əksinə olduqda tendensiya tərsinə özünü büruzə verir”.

İlhamə ƏBÜLFƏT


Müəllif: