Amerika Birləşmiş Ştatları ilə Rusiya arasındakı münasibətlər Krımın işğalından, Ukraynanın şərqində iki qondarma respublikanın elan edilməsindən sonra pik həddə çatdı. Bu münasibətlərin Ukrayna hadisələrindən sonrakı mərhələdə gərginləşməsi isə Yaxın Şərqdə, xüsusilə Suriya və İraqda iki dövlətin maraqlarının toqquşmasından sonra baş verdi.
Teleqraf.com xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.
O qeyd edib ki, ümumiyyətlə, bu iki nüvə dövlətinin maraqları təkcə Ukrayna, Suriyada və İraqda toqquşmur:
“Bu maraqlar demək olar ki, sovetlər dönəmində olduğu kimi dünyanın əksər bölgələrində bir-birinə qarşıdır. Məsələn, Cənubi Qafqazda, Orta Asiyada, Koreya yarımadasında, Fars körfəzində və dünyanın başqa bölgələrində bu maraqlar illərdir ki, toqquşur. Rusiyanın bu bölgələrdəki münaqişələrlə bağlı öz maraqlarını maksimum qorumaq cəhdləri və bu səbəbdən barışmaz mövqedən çıxış etməsi Amerika rəsmilərini qəzəbləndirir. Əslində, ABŞ-ın buna kifayət qədər özünəməxsus “əsasları” mövcuddur. Hər iki dövlətin nüvə silahlarına malik olmasına baxmayaraq, ABŞ dünyanın supergücüdür və dünyada istehsal edilən ümumi daxili məhsulun 4/1-i bu ölkənin payına düşür. Rusiyanın payı isə burada cəmi 1,7 faizdir”.
F.Yusifov qeyd edib ki, elə bu səbəbdən yaranmış münaqişəli məsələləri öz istəyinə uyğun şəkildə həll etmək naminə ABŞ Rusiyaya qarşı işləyə biləcək mümkün kartların hamısından istifadə etməyə çalışır:
“Münaqişəli məsələlərin həllində müəyyən balansın yaranmasında Rusiyaya müdafiə etdiyi ölkələrin dəstəyi daha çox yardımçı ola bilər. Məsələn, Şimali Koreya və Suriya kimi ölkələr ABŞ-la dostluq etməkdən çox uzaqdırlar və bu səbəbdən də onlar baş verən münaqişələrdə Rusiyaya sığınır və onun dəstəyindən istifadə edirlər. Gələcəkdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları bir qədər də genişləndirməsi, neftin qiymətlərinin yenidən kəskin azaldılması kimi kartlardan istifadə edəcəyi də gözləniləndir”.
Səxavət