“Büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov Baş nazirin fikirlərinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində büdcə məsələlərinin müzakirəsi zamanı büdcə təşkilatlarını tənqid edib. O bildirib ki, bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir.
İqtisadçı deyir ki, büdcə vəsaitlərinin xərclənməsində mütəmadi monitorinq və təhlillər aparırlar:
“Xüsusən də, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir. Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsinə məqsədəuyğundur”.
Vüqar Bayramovun sözlərinə görə, dövlət büdcəsi vəsaitin hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımdan vacibdir:
“Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər. Tendersiz satınalmalar dövlət vəsaitinn şəffaf xərclənməsniə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin də gücləndirilməsinə də ehtiyac var.
Bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması və eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoryub saxlamalıdır”.