Ən qısa zamanda Milli Məclis "Qarabağ Müharibəsi İştirakçıları və Şəhidləri haqqında Azərbaycan Respublikasının Qanunu" layihəsini hazırlayıb qəbul etməlidir.
Teleqraf.com xəbər verir ki, bu təkliflə iqtisadçı-ekspert Rəşad Həsənov çıxış edib.
O bildirib ki, qanun layihəsində müharibə iştirakçılarını, qazilərinin və şəhid olanların ailələrinin hüquqi statusu, sosial güzəştləri, iqtisadi üstünlüklərini əks etdirən bütün məqamlar detallı şəkildə əks olunmalıdır: “Məsələn, şəhid ailəsinin hər bir üzvü üçün minimum əmək haqqı səviyyəsində ömürlük təqaüd müəyyən edilsin. Qazilərin müavinətləri ilə orta aylıq əmək haqqı arasında konkret asılılıq kimi dayanıqlı mexanizmlər tətbiq edilsin və s.
Həmçinin yuxarıda sadalanan sosial qruplar üçün xüsusi statuslu xidmət mərkəzləri yaradılsın. Xidmət mərkəzləri müvafiq sosial qrupların müraciət və şikayətlərinin təcili həllini təmin etmək funksiyasını həyata keçirsin.
Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə əlavələr edilsin və qeyd edilən sosial qrupun nümayəndələrinə qarşı edilmiş istənilən növ cinayət, hüquqpozma üzrə nəzərdə tutulan ümumi cəza tədbirlərinə 1.5 əmsalı tətbiq edilsin.
Əminəm ki, hər bir vergi ödəyicisi bu gün Azərbaycan xalqının şərəfi, ləyaqəti, nisgilli, qüruru və ərazi bütövlüyü üçün qeyd-şərtsiz xidmət göstərən bu insanlar üçün canla-başla xidmət göstərməyə hazırdır”.