20 Oktyabr 2020 17:43
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanları buraxılır.

AMB-dən Teleqraf.com-a bildirilib ki, dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilmişdir.

Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlamış və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxmış, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

Hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənmişdir.

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan edir.

Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.

Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcəkdir.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq RollingStar Lead holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunmuşdur.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılmışdır.


Müəllif: Teleqraf.com