Xəbər verdiyimiz kimi, 2021-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub.
Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat, xərcləri isə 31 163,4 milyon manat proqnozlaşdırılıb.
2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat nəzərdə tutulub. Növbəti il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat, büdcəsinin xərcləri isə 28 543,0 milyon manat proqnozlaşdırılır.
İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Növbəti il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 ABŞ dollarından götürülüb. Manatın məzənnəsi sabit saxlanılıb.
İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-a cari ilin büdcəsi ilə müqayisədə diqqət çəkən məqamları şərh edib.
O bildirib ki, hökumət 2021-ci ilin büdcəsinə mümkün qədər konservativ yanaşıb: “Hökumət çalışıb ki, mövcud resurslardan istifadə etmək şərtilə büdcə formalaşdırsın. Proqnozlardan biri ondan ibarət idi ki, Neft Fondundan transfertlər artacaq, amma artmayıb. Ehtimal edirdim ki, büdcə kəsiri 5-6 milyard manata qədər yüksələcək, amma hökumət bunu 3 milyard manat ətrafında limitləndirməyə çalışıb”.
Analitik hesab edir ki, büdcənin xərclər hissəsi bundan əvvəl təklif edilənlə müqayisədə Qarabağın işğaldan azad olunması faktı nəzərə alınaraq çox da artırılmayıb: “Hələlik struktur təhlilə tam keçmək mümkün olmadığı üçün bunun hansı yolla mümkün olduğunu dəqiq demək çətindir. Böyük ehtimalla bundan əvvəl proqnozlaşdırılan az əhəmiyyətli xərclərin azaldılmasına üstünlük verilib. Beləliklə yaranmış əlavə xərclər mümkün qədər bu mənbələr hesabına kompensasiya gedilib”.
Rəşad Həsənov qeyd edib ki, neftin qiyməti ilə bağlı kiçik korrektələr var: “Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 40 dollar nəzərdə tutulub. Bu, 2020-ci il ilə müqayisədə hər bareldə 5 dollar çoxdur. Əvvəlki büdcə layihəsində neftin bir barelinin qiyməti 35 dollardan götürülmüşdü. Yeni layihədə neftin 40 dollardan hesablanması dövlət büdcəsinə neft sektorundan toplanan vergilər hesabına daxilolmaların artmasını şərtləndirib”.
Ekspert növbəti ildə manatın məzənnəsinin sabit saxlanıldığına da toxunub: “Dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manat səviyyəsində nəzərdə tutublar. Əgər növbəti ildə büdcədə ciddi kataklizmlər yaşanmayacaqsa, ehtimal ki, sabit məzənnəni 2021-ci ildə də davam etdirmək mümkün olacaq. Bu məqam hökumət üçün nisbətən asan olacaq. Hələlik ilkin bilinən bunlardır, təbii ki, dərin təhlil üçün vaxt lazımdır”.