24 Dekabr 2020 15:42
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin dövlət və icmal büdcələrinin layihələrində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 40 ABŞ dolları nəzərdə tutulub. Bu, neftin 2020-ci ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar çoxdur.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Teleqraf.com-a bildirib ki, büdcədə neftin 40 dollardan götürülməsi məqbul rəqəmdir.

O bildirib ki, gələn il neftlə bağlı proqnozlara baxdıqda bazarda nikbinlik müşahidə edilir: “Beynəlxalq reytinq agentliklərinin və maliyyə təşkilatlarının 2021-ci ildə neft qiymətləri ilə bağlı proqnozlarının ən aşağı həddi 45 dollar civarındadır. Ölkələr büdcədə neftlə bağlı proqnoz verərkən beynəlxalq reytinq agentlikləri ilə yanaşı, bazarlarının mövcud və gələcək vəziyyətini dəyərləndirirlər. “Moodys” və “Fich” beynəlxalq reytinq agentlikləri 2021-ci ildə neft proqnozunu 45 dollar, ABŞ-ın enerji informasiya administrasiyası 49 dollar, “Bank of Amerika” 60 dollar, “Capital Economics”60 dollar, “Goldman Sachs” 65 dollar müəyyənləşdirib. Yəni gələcəklə bağlı proqnozlar nikbindir”.

Ekspert hesab edir ki, dünya pandemiyanın şokunu üzərindən atıb: “Aprel ayında neft qiymətləri tarixin ən aşağı səviyyəsinə qədər enmişdi. Çünki dünya pandemiyaya hazırlıqsız yaxalanmışdı, digər tərəfdən OPEC+ sazişi çərçivəsində razılıq əldə olunmamışdı, bunun müqabilində qiymət savaşları başladı. Nəticədə hasilat ciddi şəkildə yüksəldi, həmçinin ölkələr sərt karantin rejimi tətbiq etməyə məcbur oldular. Bu da tələbatın kəskin aşağı düşməsinə, nəticədə tələb və təklif arasında təqribən gündəlik 30 milyon barellik disbalansın meydana gəlməsinə səbəb oldu.

Cari ilin ikinci yarısından etibarən dünya dövlətlərinin bu şoku üzərlərindən tədricən atdığı müşahidə olundu. Pandemiyanın ikinci dalğasının oktyabr ayından sürətlə artmasına baxmayaraq dünya dövlətləri sərt karantin rejiminə getmədilər. Bir növ pandemiya ilə birlikdə yaşamağın vacibliyini qəbul etdilər. Beləliklə, iqtisadi aktivlik yenidən tədricən bərpa olunmağa başladı.

Pandemiyanın ikinci dalğasının sürətlə artmasına baxmayaraq, neft qiymətləri cari ilin ikinci yarısında birinci yarısından daha yüksək olub. Cari ilin ikinci yarısından brend markalı neftin qiyməti 43.6 dollar olub. Dördüncü rübdə isə bu qiymət 44.34 dollara yüksəlib. Dekabr ayında isə 49,85 dollara”.

Analitik deyir ki, peyvəndlə bağlı müsbət nəticələrin əldə olunması neft qiymətlərində stabilliyin yaranmasına təkan verib: “Vaksin amili bazar iştirakçılarında və investorlarda gələcəklə bağlı ümid yaratdı. Dekabr ayının əvvəlində ABŞ-da anbarlarda saxlanılan neft ehtiyatları həftəlik 15.2 milyon barellə tarixin ən böyük ikinci artımını yaşadı. Normalda Amerikada neft ehtiyatlarının artıb-azalması qiymətlərə birbaşa təsir göstərir. Əgər anbarlarda neft ehtiyatlar artırsa, qiymətlərə aşağı, azalırsa, yuxarı istiqamətdə təzyiq yaradır. Ancaq bu dəfə qiymətlər nəinki azaldı, əksinə, artım oldu. Belə ki, bu dövrdə neftin bir bareli 50 dollar səddini aşdı. Bu da son dövrlərdə bazarda nikbin bir atmosferin olduğunu deməyə əsas verir”.

Emin Axundzadənin müşahidələrinə əsasən, son vaxtlar İngiltərədə koronavirusun mutasiyaya uğraması barədə yayılan xəbərlər bazarlarda bir qədər narahatlıq yaradıb: “Ancaq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verdi ki, bu istiqamətdə vəziyyət kontrol altındadır. Hətta müxtəlif şirkətlər ən gec 6 həftə ərzində peyvənd hazırlaya biləcəklərini açıqladı. Qiymətlərin bir qədər təzyiq görməsinin səbəbi də bu oldu ki, Avropa ölkələri ilə İngiltərə arasında səyahətlər dayandı.”.

Müsahibimiz 2021-ci ilin 2020-ci ildən daha yaxşı olacağını praqnozlaşdırır: “Bazar hər zaman gələcəyi satın almağı xoşlayır. Bazarda nikbin abu-hava yaranıb. Son dövrlərdə Asiya bazarlarında neft istehlakında kəskin artım müşahidə edilir. Pandemiyanın ikinci dalğasının gəlməsinə baxmayaraq, Çində, Yaponiyada və Hindistanda neft istehlakı demək olar ki, pandemiyadan əvvəlki səviyyələrə qayıdıb. Çin dünyada nefti ən çox istehlak edən ikinci, ən çox idxal edən isə birinci ölkədir. Bu ölkənin sənaye istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında 7 faiz artıb. Sənayenin artması neft emalının da artması mənasına gəlir. Ölkədə neft emalı müəssisələri noyabr ayında gün ərzində 14,2 milyon barel neft emal edib. Bu Çində indiyə qədər ən yüksək emal həcmidir. Çində yanacaq istehlakı pandemiyadan əvvəlki səviyyəni keçib. Bunun da əsas səbəbi insanların fərdi avtomobillərdən istifadəyə üstünlük verməsidir. Bu, özünü avtomobil satışlarında da göstərib. Yaponiyada oktyabr ayında avtomobil satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz, Hindistanda 14,2%, Çində isə 9 faiz daha çox olub. Bu da onu göstərir ki, insanlar ictimai nəqliyyatdan daha çox fərdi avtomobillərə üstünlük verib. Ötən həftə qlobal miqyasda yanacaq istehlakının pandemiya dövründə ən yüksək səviyyəyə çatdığı müşahidə edildi. Belə ki, yanacaq istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz az olub. Ancaq bu göstərici noyabr ayında 30 faiz təşkil edirdi, dolayısilə artım var.

Hazırda Hindistan dünyada nefti ən çox istehlak edən üçüncü ölkədir. Dekabr ayında Hindistan neft korporasiyası demək olar ki, 100 faiz aktivliklə çalışıb. Bu, tələblə bağlı canlanmanın yaranması deməkdir”.

Emin Axundzadə gələn il dünya iqtisadiyyatı ilə bağlı müsbət proqnozlar gözlənildiyini də vurğulayıb: “Beynəlxalq Valyuta Fondunun praqnozuna görə, dünya iqtisadiyyatı 2020-ci ildə 4,5 faiz kiçiləcək, ancaq 2021-ci ildə 5,2% böyüyəcək. “Morgan Stanley” hesab edir ki, 2021-ci ildə ümum daxili məhsul (ÜDM) dünya miqyasında 6,4 faiz arta bilər. Bu göstərici inkişaf etməkdə olan ölkələrdə 7,4 faiz olacaq. Çində və Hindistanda 9,8 faiz, Avropada 5 faiz iqtisadi artım praqnozlaşdırılır. Bu, pandemiyadan sonrakı artımdır. Təbii ki, pandemiyadan əvvəlki səviyyəyə bir anda qayıtmaq mümkün deyil.

İqtisadi aktivliyin bərpası isə, öz növbəsində neft tələbatının yenidən artmasına təkan verəcəkdir. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, 2021-ci ildə gündəlik neftə tələbat 5,7 milyon barel artacaq. OPEC isə gündəlik neft tələbatının 6,6 milyon barel artacağını düşünür. Tələbatın artması tələb və təklif arasındakı disbalansın azalmasına, eyni zamanda dünyada mövcud olan izafi neft ehtiyatlarının tədricən anbarlardan azalması ilə nəticələnə bilər. Artıq aprel ayından etibarən Amerikada neft ehtiyatlarında təqribən 52 milyon barel azalma müşahidə olundu.

2020-ci ildə bütün çətinliklərə baxmayaraq, Brent markalı neftin orta satış qiyməti təqribən 42 dollar oldu. “Azeri Light” markalı neftlə brent nefti arasında 1,5-2,5 dollar fərq olur. Növbəti ildə neft praqnozları 45 dollardan aşağı düşməyəcəyi yönündədir. Hesab edirəm ki, koronavurusa qarşı istehsal olunan peyvəndlərin nəticəsi effektiv olarsa, neft qiymətləri hətta 60 dollardan da yüksək ola bilər”.


Müəllif: Yeganə Oqtayqızı