Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə özü üçün 1,4 milyard dollara saray tikdirdiyinə dair iddiaları rədd edib.
Teleqraf.com xəbər verir ki, universitet tələbələri ilə videokonfrans vasitəsilə görüşən Putin Aleksey Navalnının 1,4 milyard dollara Qara dəniz sahilində bir saray inşa etməsi iddialarına cavab verib.
Prezident Navalnı tərəfindən irəli sürülən iddiaların "şişirdildiyini" müdafiə edib: “İddia edilən mülklərin heç biri nə mənə, nə də yaxın qohumlarıma aiddir və heç bir zaman da olmayıb. Bu iddialar artıq 10 ildən çoxdur dövriyyədədir. İndi əlverişli bir vaxtda hər şeyi bir yerə yığdılar və bütün bu iddialarla vətəndaşlarımızın beynini yumağa qərar verdilər, internetdə bir növ video seriyası başlatdılar. Belə bir mülk üçün bəzi sənədlər və ya fakturalar, müxtəlif izlər olmalıdır”.
Putin heç vaxt ticarətlə maraqlanmadığını deyib: “Ticarətin səhv addım olduğunu düşündüyüm üçün deyil, əksinə insanlar üçün iş imkanları təmin edən vacib bir sahədir. Sadəcə mənə görə deyil”.
Putin çıxışında 23 yanvarda Rusiyada keçirilən etiraz aksiyasına da toxunub: “Hər kəsin fikir bildirmək hüququ var, ancaq bu qanuni çərçivədə olmalıdır. Bu etirazlardan hamı əziyyət çəkir. Gəncləri etirazlara çağırmaq da səhvdir, bu, terror qruplarının etdiyi bir şeydir”.
Qeyd edək ki, dekabrın 18-də həbs olunan və təxminən 86 milyon insanın izlədiyi Navalnının “YouTube” kanalında yayımlanan "Putin üçün saray: Ən Böyük Rüşvətin Tarixi" adlı videoda Putinin Qara dəniz sahilində özünə 1,4 milyard dollara bir saray tikdirdiyi iddia edilib.