Teleqraf.com “Forbes” jurnalında dünyanın ən varlı şəxsləri siyahısında adları keçən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, şəxsi həyatları barədə araşdırmalar aparıb.
Araşdırmaları "Milyardların sahibi" rubrikasında təqdim edəcəyik.
Bu dəfəki məqaləmiz dünyanın ən varlı şəxslərindən olan hindistanlı milyonçu Mukeş Dxirubxay Ambaniyə həsr olunub.
O, 1957-ci il aprelin 19-da atasının işi səbəbiylə yaşadığı Yəmən Ərəb Respublikasının Ədən şəhərində doğulub.
Mukeşin atası Dxirubxay Ambaninin təşəbbüsü ilə 1966-cı ildə qurulan “Reliance Industries” ailə şirkəti əvvəlcə tekstil məhsulları istehsal edir. Bu, Ambani imperatorluğunun başlanğıcı idi. Tezliklə Dxirubxay müstəqil Hindistanın ən böyük təşəbbüskarı olmaq üçün tekstil, neft və qaz, telekommunikasiya və saysız-hesabsız digər sahələr üzrə genişlənir.
Hindistanda təhsil alan Mukeş Ambani 1980-ci ildə magistr dərəcəsinə yiyələnmək üçün Stanford Universitetinə yazılır. Lakin iş həyatına qayıtmaqdan ötrü o, universitetdən ayrılır.
Atasının vəfatı
2002-ci ilin iyul ayında Dxirubxay Ambani insultdan vəfat edir. Ani ölüm onu vəsiyyət hazırlamadan yaxalayır. Buna görə də o, iki oğlu və iki qızının heç birini varis elan edə bilmir.
Lakin Dxirubxay Ambanin vəfatından sonra Mukeş “Reliance Industries” Ltd-nin sədri və idarəedici direktoru, qardaşı Anil Ambani isə sədr müavini olur.
“Forbes”ə görə, Dxirubxayın ölümündən sonra böyük oğlu Mukeş imperatorluğun yarısını ələ keçirir. Əvvəllər təsdiqlənməsə də, bir çox mənbələrdə ədalətsiz bölgü səbəbindən qardaşlar arasında narazılıq yarandığı yazılır.
Nəhayət, 2004-cü ilin noyabr ayında qardaşlar arasında daxili çəkişmə ictimailəşir. Bu mübahisə böyük biznesin hökumət siyasətinə təsiri ilə bağlı narahatlıqları da artırır. Üç hakim heyəti tərəfindən çıxarılan qərarın Asiyanın üçüncü böyük iqtisadiyyatında enerji siyasətinə böyük təsirləri olacağı gözlənilir.
Şirkətin rəsmi bölünməsi baş versə də...
2005-ci ilin iyun ayında ailə anaları Kokilaben Ambaninin vasitəçiliyi ilə “Reliance Industries” qrupun bölünməsi üçün razılığa gəlir.
2006-cı ildə rəsmi bölünmə baş verir. Mukeş neft-kimya, neft-qaz kəşfiyyatı və emalı, eləcə də tekstil sahəsindəki maraqları ilə flaqman “Reliance Industries”i idarə edir. Mukeş o vaxtdan pərakəndə işə başlayır.
Qardaşı Anil Ambani isə qrupun telekommunikasiya, enerji, əyləncə, maliyyə xidmətləri, infrastruktur, təbii sərvətlər kimi sektorlarında çalışır.
Bölünməyə baxmayaraq qardaşlar arasında məhkəmə çəkişməsi 2010-cu ilədək davam edir.
“Bloomberg”in milyarderlər indeksinə görə, Mukeş Ambani koronavirusun yayılmasına baxmayaraq, 2020-ci ilin əvvəlindən sərvətini 5 milyard dollar artıraraq 63,6 milyard dollara yüksəldib və dünyanın ən zəngin insanları siyahısında 9-cu sırada yer alıb.
Hazırda 64 yaşlı Mukeş Ambani Hindistanda enerji, neft-kimya, telekommunikasiya, tekstil, mədən sənayesi və pərakəndə satış sənayesində fəaliyyət göstərən nəhəng bir konqlomerat (holdinq) olan “Reliance Industries”in sahibi və icraçı direktorudur.
“Forbes”ə görə, 2020-ci ilin martında sərvətinin xalis dəyəri 83,1 milyard dollar olan Mukeş Ambani dünyanın ən zəngin 10-cu adamıdır.
Feysbukla ortaq oldu
Mukeş Ambani 2020-ci il “Reliance Industries”in rəqəmsal qolu olan “Jio Platforms”a 16,5 milyard dollar investisiya qoyur.
Bundan sonra dünyada ən sürətlə böyüyən e-ticarət bazarına sahib olan “Jio Platforms”a Feysbuk və Səudiyyə Ərəbistanın suveren sərvət fondu da daxil olmaqla bir çox iri təşkilatlar investisiya qoymaq qərarına gəlir. 2020-ci ilin aprelində Feysbuk “Jio”ya 5.7 milyard dollar sərmayə qoyduğunu açıqladı.
2020-ci ilin iyul ayında “Jio Platforms” “Zoom” və “Google Meet”in rəqibi kimi görünən “JioMeet” adlı video konfrans xidmətini istifadəyə verir. “JioMeet” 100-ə qədər iştirakçı ilə məhdudiyyətsiz və pulsuz qrup zəngləri təklif edir və “Zoom”dan fərqli olaraq, pulsuz zənglərdə məhdudiyyət qoymur, danışıq 24 saata qədər davam edə bilər.
Bazar dəyəri 68 milyard dollar olan “Jio”nun e-ticarətdəki bazar payının 2025-ci ildə 48 faizə qədər artması gözlənilir.
“Reliance Industries” şirkəti aldığı investisiyalar və hissə satışı ilə borcsuzluq hədəfinə çatıb. 2020-ci il mart ayının sonunda şirkətin borcu 21 milyard dollar səviyyəsində olub.
Epidemiyanın Hindistan iqtisadiyyatına mənfi təsir etməsinə baxmayaraq, Mukeş Ambaninin şirkətlərinin yüksəlişi diqqət çəkir.
Ailəsi
1985-ci ildə Nita Ambani ilə ailə quran Mukeş Ambaninin üç övladı var. Böyük oğlu Akaş Ambani, ortancıl oğlu Anant Ambani ilə İşa Ambani əkizdir.
Mukeş 2007-ci ildə həyat yoldaşına hədiyyə olaraq aldığı 60 milyon dollarlıq “Airbus A319” model təyyarəsi ilə gündəmə gəlmişdi.
Məşğuliyyəti
“Mumbai hinduları” adlı bir kriket komandasına sahib olan Mukeş Ambani “İdman komandasına sahib olan dünyanın ən zəngin adamı” adını da daşıyır.
Vegetarian rejimdə bəslənən Mukeş Bollivud filmlərinin böyük pərəstişkarıdır. O, filmləri həyatdan qısa müddətə qaçmağın bir yolu kimi görür.
Avtomobil kolleksiyası
Dünyanın ən yüksək gəlir bərabərsizliyinə sahib ölkələrindən biri olan Hindistanın ən varlı adamı Mukeş Ambani sərvətini göstərməkdən də çəkinmir. 2020-ci ildə açıqlanan son məlumatlara görə, Mukeşin 168 lüks avtomobil kolleksiyası var və bu maşınlar yaşadığı binanın xüsusi qarajında saxlanılır.
Mukeş Ambaninin Mumbai küçələrində gəzintisi şəhərdə ekzotika görməyi sevənlər tərəfindən sevilir və maraqla izlənilir.
Onun avtomobil kolleksiyası Hindistanda rast gəlinməyən “Rolls Royce”, “Tesla Model S 100D”, “Bentley Bentayga”, “Bentley Flying Spur”, “Mercedes Benz 660 Guard”, “Rolls Royce Cullinan”, “Ferrari 812 Superfast”, “BMW i8”, “Mercedes-AMG G63” kimi modellərlə zəngindir.
Onun xüsusi sifarişlə hələ istehsal edilməmiş maşına sahib olması haqda da fikirlər var.
Qızı İşa Ambaninin 100 milyon dollarlıq toyu
Mukeş Ambani qızı İşaya 2018-ci ildə 100 milyon dollar dəyərində toy edib. Məşhur amerikalı müğənni Beyons toyda səhnəyə çıxıb.
Toya dünya məşhurlarından tutmuş, Hillari Klintona kimi siyasətçilərə və Henri Kravis də daxil olmaqla ticarət maqnatları da dəvət olunur.
Ekstravaqant tədbirin əsas hissəsi İşa Ambaninin atasının 27 mərtəbəli “Antilia” adlı iqamətgahında təşkil edilir. Təbii ki, toy şənliyi bir günlə yekunlaşmır, hind toyları bir sıra ənənəvi rituallardan ibarətdir.
Yerli KİV-lərin məlumatına görə, Udaipur hava limanından 100-dən çox sifarişli uçuşla qonaqlar daşınıb. Toy olan həftədə qonaqların gəlməsi üçün 200 çarter reys təşkil olunub.
Ambanilər minnətdarlıq əlaməti olaraq Udaipur şəhərində dörd gün ərzində 5100 nəfərə gündə üç dəfə yemək verəcək qədər ərzaq bağışlayıblar.
İşa Ambani və həyat yoldaşı Anand Piramal
Beyons
Hillari Klinton
Şahrux Xan
Dünyanın ən bahalı evində yaşayır
Mukeş Ambaninin Mumbaydakı 27 mərtəbəli göydələn evi “Forbes” juralında “Dünyanın ən bahalı milyarder evləri” siyahısına başçılıq edir.
400 kvadrat metrlik evə “Antilia” adı verilir. Mukeşin evin inşası üçün 1 milyard dollarla 2 milyard dollar (728 milyon avro, 593 milyon funt) arasında xərclədiyi bildirilir. Müqayisə üçün bildirək ki, bu, 1.7 milyon kvadrat metrlik ofis sahəsi olan 52 mərtəbəli 7-ci Dünya Ticarət Mərkəzinin inşaat xərclərinə bərabərdir.
Qeyd edək ki, “Forbes” jurnalının "Dünyadakı ən çirkin bahalı əmlakı” adı da Mukeş Ambaninin sahib olduğu “Antilia”ya məxsusdur.
570 metrlik göydələnin altı mərtəbəli yeraltı parkinqi, üç helikopter meydançası, kinoteatrı, bir neçə hovuzu var. İş adamının fərdi iqamətgahında gözətçi və qulluqçudan ibarət 600 nəfərlik bir heyət çalışır.
Binanın inşaasına 2008-ci ildə başlansa da, tikinti işləri 2010-cu ilin sonlarında başa çatıb.
Mukeş Ambani müsahibələrinin birində deyib: “Mənim yalnız bir evim var, bəziləri kimi dünyada 30 və ya 40 yox...”