“Prezident İlham Əliyev Zəngəzur dəhlizinin reallığa çevrildiyini bəyan edib. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək:
“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.