“Qarabağın iqtisadi əhəmiyyəti bir neçə əsas istiqamət üzrə reallaşa bilər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı, turizm və mədən sənayesi sosial-iqtisadi inkişafın yüksəldilməsi baxımından əhəmiyyətli rola malikdir. Bu baxımdan Qarabağın ölkə iqtisadiyyatında önəmini üç əsas istiqamətə ayırmaq olar. Burada turizm önəmli yerə sahibdir. Xüsusən ərazinin coğrafi gözəlliyi, müxtəlif müalicəvi əhəmiyyətli mineral suların olması yaxın gələcəkdə Qarabağ iqtisadiyyatının əsasında sırf turizm dayanacağını deməyə imkan verir”.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə müasir turizm infrastrukturunun yaradılması bu sektorun yüksəlişini şərtləndirəcək: “Yeni yaradılacaq müxtəlif ulduzlu otel və hostel kompleksləri Qarabağın turizm potensialına müsbət təsir göstərəcək. Təbii ki, burada dövlətin təşviqi ilə yanaşı, əsas rolu özəl sektor oynayacaq. Şəxsi kapital turizm infrastrukturunun əsas elementlərindən biridir və böyük kapital tələb edən otellərin qurulmasında iştirak edəcək”.
Xalid Kərimli hesab edir ki, bölgədə turizm potensialının ilk qaranquşu yaradılıb: “Mayın 12-də Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışı oldu. Ümumilikdə 49 otaqdan ibarət otel qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu, ilk addımdır.
Hesab edirəm ki, bölgədə təhlükəsiz hərəkət, maneəsiz gediş-gəliş bərpa olunandan sonra bura güclü turist axını olacaq.
Hazırda əsasən bu rayonlardan məcburi köçkün düşmüş şəxslər öz torpaqlarını ziyarət etmək istəyirlər. Ümumiyyətlə, bütün ölkə əhalisi uzun müddət işğalda qalmış regionlara maraq göstərirlər, həmin əraziləri görməyə can atırlar. Təbii ki, ərazilər minalardan təmizlənəndən sonra həm daxili, həm də xarici turist axınını müşahidə edəcəyik. Bu baxımdan həm kafe-restoranların, həm otel və hostellərin, həm də kənd turizminə aid elementlərin formalaşması Qarabağda güclü turizm bazasının inkişafına xidmət edəcək”.