Dekabrın 1-dən Rusiyaya ixrac icazələri AQTA-nın zəmanəti ilə veriləcək. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan danışıqlar nəticəsində bu ölkəyə bitkiçilik məhsullarının ixracı ilə bağlı bir sıra maneələr aradan qaldırılıb.
Məlumat üçün bildirək ki, keçən ilin dekabrından pomidor və alma məhsullarının Rusiyaya idxalında problem yaranmışdı.
Belə çıxır ki, AQTA icazə verməsə, heç bir sahibkar və ya fermer Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edə bilməyəcək. Maraqlıdır, bu qərar nə ilə nəticələnə bilər?
İqtisadçı Akif Nəsirli qərarı Teleqraf.com-a şərh edib. O bildirib ki, ötən ilin əvvəlində Rusiya Azərbaycandan ixrac olunan məhsullara, əsasən də pomidora və almaya qadağa qoyanda burada hər iki tərəfin razılaşması olacağı ehtimalını səsləndirmişdim: “Yəni ixrac edən subyektlərin selektiv şəkildə hökumət tərəfindən seçilməsi və istədiklərini Rusiya bazarına buraxması, istəmədikərini isə buraxmayacağını təxmin etmişdik. Eyni zamanda bunun siyasi təzyiq forması olduğu da ehtimalımızda yer almışdı.
Amma indi hadisələrin gedişatı göstərir ki, bu, hər iki ölkənin müvafiq qurumları tərəfindən qarşılıqlı razılıq əsasında həyata keçirilib. Başqa sözlə, Rusiya Azərbaycan məhsullarının ixracına qarşılıqlı razılaşmaya görə qadağa qoyub. Bu ehtimallarımız AQTA sədri Qoşqar Təhməzovun məlum açıqlamasından sonra tamamilə təsdiqini tapır”.
Ekspert deyir ki, iki ildir Azərbaycanda istixana şəraitində məhsul yetişdirən fermerlərin daxildə sıradan çıxarılması prosesi gedir:
“Fermerlərin təbii qazları kəsilir, minlərlə istixanadan guya yoxlama məqsədilə sayğacları söküb aparırlar. Əvəzləyici sayğaclar da quraşdırmırlar. Bu yolla istixanaların sıradan çıxmasına şərait yaradılıb.
Ötən qış Şəmkir rayonundan konkret 30-a yaxın fermer bu barədə bizə müraciət etmişdi. Bunun ardınca da Rusiya ilə Azərbaycanın müvafiq qurumlarının qarşılıqlı razılaşmasını müşahidə etmək və AQTA-nın icazəsinin tələb edilməsi tam şəkildə ehtimallarımızı doğrultdu. Bu, sözügedən istiqamətdə monopoliyanın həyata keçirilməsi deməkdir”.
Akif Nəsirlinin qənaətincə, AQTA məsələlərə bu cür müdaxilə etməklə qanunu pozur: “AQTA-nın nizamnaməsinə əsasən, qurum ölkə daxilində qida təhlükəsizliyini təmin etməklə məşğul olmalıdır. Onların nizamnaməsində yazılıb ki, tarladan süfrəyə qədər bütün qidaların hərəkətinə ciddi nəzarət edəcək və təhlükəli qidaları bu axın xəttindən çıxaracaq. Azərbaycanda kifayət qədər tarla, zavod, satış məntəqəsi və bazarlar var. AQTA təsadüfi monitorinqlər, reydlər əsasında nizamnamədə göstərilən “tarladan süfrəyə təmiz məhsullar” iddiasını yerinə yetirə bilmədiyi halda, ona yeni səlahiyyət vermək idarəçilik baxımından doğru deyil”.
Analitik hesab edir ki, nə Rusiya, nə də Azərbaycan ixrac məsələsində qarşılıqlı razılaşma əsasında fəaliyyət göstərməlidir: “İxrac məsələsi bütün sahibkarlar üçün açıq və şəffaf olmalıdır. Hansı məhsulun qüsuru nədirsə, bu, sahibkarın özünə deyilməlidir ki, qarşı tərəf bu səbəbdən onun məhsulunu qəbul etmir. Bu, Azərbaycanda ixracatın məhdudlaşdırılmasına, bu sahənin də ciddi monopoliyaya düşməsinə gətirib çıxardacaqdı. Hesab edirəm ki, bu cür məhdudiyyət və qadağalar zərərdən başqa bir təsirə malik deyil.
Əslində Azərbaycan hökuməti daxildə istehsalın genişlənməsi üçün Rusiya tərəfdən yumşalma xahiş etməlidir. Yəni sübut etməlidir ki, onun daxili bazarında heç də Azərbaycanda istehsal edilən məhsul qədər keyfiyyətli digər məhsullar yoxdur. Bunu elmi şəkildə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) qarşısında qaldırmalıdır.
AQTA və digər fitosanitar qurumlar Azərbaycan sahibkarının arxasında dayanmalıdır, ona dəstək verməlidir. Amma təəssüf ki, biz bunun əksini görürük. Bunun da səbəbi ixracın bu seqmentində daxili monopoliyanın formalaşdırılmasıdır. Yəqin ki, yaxın vaxtlarda ixracla məşğul olan fermerlərin hamısı sıradan çıxacaq. Onsuz da onların yarısı sıradan çıxıb. Bu sahə kimlərsə tərəfindən tam olaraq monopoliyaya alınacaq”.